- Siyasi müzakirə
- 21:14
- 1 790
"Belə bir ssenari İran üçün ağır nəticələr doğura bilər" - Əli Mustafayev
"Hazırda ABŞ ilə İran arasında həm qarşıdurma mövcuddur, həm də tərəflər bu qarşıdurmanın daha da kəskinləşməsinə imkan verməməyə çalışırlar. Ola bilsin ki, müəyyən qüvvələr gərginliyin artmasında maraqlıdır, lakin görünən odur ki, hər iki tərəf hərbi eskalasiyadan çox danışıqlar variantına üstünlük verir. Bu gün nə İranın, nə də ABŞ-nin genişmiqyaslı müharibədən ciddi qazanc əldə etmək imkanı görünür. Belə bir ssenari İran üçün ağır nəticələr doğura, ABŞ üçün isə həm daxildə, həm də beynəlxalq arenada mənfi imic yarada bilər. Xüsusilə Donald Trampın hakimiyyətə müharibələri dayandırmaq vədi ilə gəldiyini nəzərə alsaq, yeni hərbi qarşıdurmaya cəlb olunması onun siyasi maraqlarına uyğun deyil".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, ABŞ ilə İran arasında yenidən artan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Vaşinqtonun Tehrana qarşı son məhdud zərbələri hərbi eskalasiya ehtimalını gündəmə gətirsə də, tərəflər hələlik genişmiqyaslı qarşıdurmadan yayınırlar. Ekspertlər hesab edirlər ki, həm ABŞ, həm də İran təzyiq siyasətini davam etdirsə də, hazırkı mərhələdə diplomatik imkanları tam tükəndirmək niyyətində deyil. Bununla belə, prosesin gələcək inkişafı tərəflərin strateji hesablamalarından və regional vəziyyətdən asılı olacaq.
Siyasi şərhçi qeyd edib ki, tərəflər müharibənin heç birinə həlledici üstünlük qazandırmayacağını və problemin qəti həllinə gətirib çıxarmayacağını anlayırlar.
"ABŞ hərbi təzyiqlə istədiyi siyasi nəticələri əldə edə bilmir, İran da qarşıdurmadan üstünlük qazana bilmir. Vaxtilə Vaşinqton hesab edirdi ki, hərbi zərbələr Tehranın geri çəkilməsinə səbəb olacaq, lakin bu baş vermədi. Bu gün də tərəflər anlayırlar ki, açıq toqquşma İranı təslim etməyəcək, sadəcə ölkənin infrastrukturuna ciddi ziyan vuracaq. Xüsusilə enerji infrastrukturunun hədəfə alınması İranın danışıqlarda daha güzəştli mövqe tutmasına hesablanır. Lakin praktikada bunun əks nəticə verməsi də mümkündür. Yeni hücumlar İran cəmiyyətində və siyasi dairələrində daha sərt mövqelərin güclənməsinə, düşmənçiliyin dərinləşməsinə səbəb ola bilər. Bu səbəbdən tərəflər hazırkı mərhələdə birbaşa qarşıdurmadan yayınırlar. Eyni zamanda müxtəlif vasitəçilər, o cümlədən region ölkələri üzərindən müəyyən təmasların və danışıqların aparılması ehtimalı da istisna deyil. Digər tərəfdən, nə sülh, nə də müharibə vəziyyətinin müəyyən müddət davam etməsi də mümkündür. Xüsusilə siyasi proseslər və seçkilər fonunda tərəflər bəzi qərarları sonraya saxlaya bilərlər. Buna görə də gələcəkdə yeni gərginlik dalğasının yaranması ehtimalı tam aradan qalxmır. Hazırda müşahidə olunan qarşılıqlı zərbələr və təzyiq addımları müəyyən mənada tərəflərin bir-birinin imkanlarını, zəif və güclü tərəflərini öyrənməsinə də xidmət edir. Bu proses həm də kəşfiyyat və strateji qiymətləndirmə xarakteri daşıyır. Tərəflər qarşı tərəfi necə zəiflətmək və istədikləri nəticəni hansı üsulla əldə etmək mümkün olduğunu müəyyənləşdirməyə çalışırlar. Bununla belə, prosesin sülhlə yekunlaşacağını və ya yenidən genişmiqyaslı müharibəyə çevriləcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Çünki danışıqlar masasında hansı məsələlərin müzakirə olunduğu, hansı kompromislərin mümkün olduğu barədə kifayət qədər məlumat yoxdur.Məncə, yaxın dövrdə bu vəziyyət davam edə bilər. Tərəflər bir tərəfdən qarşıdurmanın nəzarətdən çıxmasını istəmirlər, digər tərəfdən isə təzyiq alətlərini əldən vermək niyyətində deyillər. Ona görə də müəyyən müddət ərzində məhdud gərginlik və paralel danışıqlar xəttinin davam etməsi daha real görünür".
Rəfiqə Namazəliyeva,
AzNews.az