"Əks halda bu, Vaşinqton üçün strateji səhvə çevrilə bilər" - Kənan Novruzov

"Mən yeni və genişmiqyaslı eskalasiyanın yenidən başlayacağını düşünmürəm. Əgər belə bir niyyət olsaydı, proses artıq daha əvvəl hərbi qarşıdurma mərhələsinə keçərdi. Hazırkı vəziyyət nə İrana, nə də ABŞ-yə sərf edir. Mənim fikrimcə, əvvəlki təxminən 40 günlük qarşıdurmanın da aydın qalibi olmadı. Nəticə daha çox tərəflərin böyük itkilər hesabına əldə etdiyi və tam üstünlük qazandırmayan “Pir qələbəsini” xatırladırdı. Bu baxımdan nə Tehranın, nə də Vaşinqtonun yaxın dövrdə yeni genişmiqyaslı eskalasiyaya maraq göstərdiyini düşünmürəm".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, İsrail və İran arasında əldə olunmuş atəşkəsin davamlı olmaması Yaxın Şərqdə vəziyyəti yenidən gərginləşdirib. Tərəflərin qarşılıqlı ittihamları və hərbi aktivliyinin artması bölgədə yeni qarşıdurma riskini gündəmə gətirib. Mütəxəssislər hesab edirlər ki, gərginliyin daha da dərinləşməsi yalnız region ölkələrinə deyil, həm də ətraf coğrafiyalara təsir göstərə bilər. Bu prosesin mümkün nəticələri isə Cənubi Qafqazın təhlükəsizliyi baxımından da narahatlıq doğurur.

Siyasi şərhçi qeyd edib ki, xüsusilə ABŞ baxımından yeni hərbi eskalasiyanın başlaması hazırkı mərhələdə məqsədəuyğun görünmür.

"Çünki noyabr ayında ölkədə aralıq seçkilər keçiriləcək. Əvvəlki qarşıdurma dövründə Konqreslə administrasiya arasında ciddi fikir ayrılıqları yaranmışdı və müharibənin dayandırılmasına təsir edən amillərdən biri də məhz bu ziddiyyətlər olmuşdu. Yeni müharibənin başlanması seçkilər ərəfəsində Donald Trampın reytinqinə mənfi təsir göstərə bilər. O da bunun fərqindədir. Buna görə ən azı noyabr ayına qədər ciddi hərbi eskalasiya gözləmirəm. Hazırda müşahidə olunan gərginlik daha çox psixoloji və siyasi təzyiq xarakteri daşıyır. Hər iki tərəf özünü daha güclü və təsirli aktor kimi təqdim etməyə çalışır. Bu məqsədlə zaman-zaman sərt bəyanatlar verilir və məhdud hərbi addımlar atılır. Ola bilər ki, qısa müddətli əməliyyatlar həyata keçirilsin, lakin bunun uzunmüddətli və genişmiqyaslı müharibəyə çevriləcəyini düşünmürəm. Hətta zərurət yaranarsa, ABŞ-nin geri addım atması da mümkündür. Əks halda bu, Vaşinqton üçün strateji səhvə çevrilə bilər. Digər tərəfdən, İsrailin ABŞ ilə İran arasında qarşıdurmanın dərinləşməsində maraqlı olduğu görünür. Çünki İsrailin hazırkı siyasi rəhbərliyi üçün təhlükəsizlik və müharibə gündəliyi daxili siyasi proseslərlə sıx bağlıdır. Baş nazir Benjamin Netanyahu uzun müddətdir müxtəlif təhlükəsizlik böhranları fonunda hakimiyyətini qoruyub saxlayır. Buna görə də regionda gərginliyin davam etməsinin İsrail rəhbərliyinin siyasi maraqlarına müəyyən dərəcədə uyğun gəldiyini düşünənlər az deyil. Bununla belə, yaxın perspektivdə ABŞ və İran arasında tammiqyaslı müharibədən daha çox məhdud qarşıdurma, qarşılıqlı təzyiq və siyasi manevrlərin davam etməsi ehtimalı daha yüksək görünür".

Rəfiqə Namazəliyeva,

AzNews.az