- Paytaxt
- 13:59
- 952
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan edildi
Milli Məclis Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsinin qadağan olunmasını birinci oxunuşda qəbul edib.
Aznews.az xəbər verir ki, bununla bağlı "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müddəanın dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" müvafiq qanunvericiliyə uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.
Vurğulanıb ki, dəyişikliklərin qəbulu normativ hüquqi aktlar arasında uyğunluğun təmin olunmasına xidmət edəcək.