- Müşahidə məntəqəsi
- 22:08
- 1 073
“Sosial şəbəkələrin yanlış istifadəsi gənclər üçün risk yaradır” – Naib Niftəliyev
"Əslində, sosial media cəmiyyətin bütün təbəqələrinə və demək olar ki, bütün yaş qruplarına oxşar səviyyədə təsir göstərir. Yəni yalnız gənclər deyil, yetkinlər, orta yaşlılar və yaşlı nəsil də bu gün sosial şəbəkələrdən aktiv şəkildə istifadə edirlər. Gənclərin bu platformalarda daha fəal olması isə onların yaş xüsusiyyətləri, həm də cəmiyyətin daha dinamik və yeniliklərə açıq təbəqəsi olmaları ilə bağlıdır. Eyni zamanda, yeni texnologiyaların onların peşə və karyera fəaliyyətinə daha birbaşa təsir göstərməsi də bu aktivliyi artırır. Hazırda TikTok, Instagram, Facebook və digər sosial media platformaları, o cümlədən LinkedIn kimi şəbəkələr insan davranışının formalaşmasında mühüm rol oynamağa başlayıb. Bu isə sosial medianın artıq təkcə ünsiyyət, məlumatlandırma və əyləncə vasitəsi deyil, həm də ciddi bir sosial institut kimi çıxış etdiyini göstərir. Bu mənada sosial media gənclərin dünya görüşünü, dəyərlər sistemini və davranış modellərini əhəmiyyətli dərəcədə formalaşdırır".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, son illərdə sosial şəbəkələr gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə TikTok, Instagram və digər platformalar yalnız əyləncə vasitəsi deyil, həm də davranışlara, düşüncə tərzinə və həyat seçimlərinə təsir göstərən mühüm amil kimi çıxış edir. Mütəxəssislər hesab edirlər ki, sosial şəbəkələr bir tərəfdən gənclərə yeni imkanlar yaratsa da, digər tərəfdən müəyyən risklər də formalaşdırır.
Sosioloq qeyd edib ki, bu prosesin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.
“Bir tərəfdən sosial media gənclərin bacarıqlarını nümayiş etdirməsinə, istedadlarını üzə çıxarmasına və müxtəlif ölkələrin mədəniyyətləri ilə yaxından tanış olmasına imkan yaradır. Bir çox gənc sosial şəbəkələr vasitəsilə təhsil, şəxsi inkişaf, sosial təşəbbüslər və yaradıcılıq sahəsində yeni imkanlar əldə edir. Digər tərəfdən isə sosial medianın yanlış istifadəsi müəyyən risklər yaradır. Sosial platformalarda ideal həyat tərzinin təbliği, özünü süni şəkildə təqdim etmə cəhdləri və fərqli standartların formalaşdırılması gənclər üzərində mənfi təsir göstərə bilər. Bu, bəzən özünəinamın azalmasına, sosial müqayisələrin artmasına və psixoloji gərginliyin yaranmasına səbəb olur. Xüsusilə qısa video formatlarının geniş yayılması insanların diqqət davamlılığına da təsir edir. İnsanlar getdikcə daha sürətli və qısa məzmunlara üstünlük verir, bu isə səbir, dərin düşünmə və analitik yanaşma bacarıqlarının zəifləməsi riskini yarada bilər. Eyni zamanda, populyarlıq qazanmaq istəyi bəzən gəncləri riskli və qeyri-adekvat davranışlara da sövq edir. Bununla yanaşı, sosial media düzgün istifadə olunduqda həm fərdi inkişaf, həm də ictimai aktivlik üçün mühüm platformaya çevrilə bilər. Burada əsas məsələ texnologiyanın özü deyil, ondan istifadə qaydasıdır. Texnologiya düzgün istiqamətləndirildikdə faydalı nəticələr verir, yanlış istifadə olunduqda isə müəyyən problemlərə yol aça bilər. Nəticə etibarilə, sosial medianın yaratdığı imkanlarla yanaşı, onun riskləri də nəzərə alınmalıdır. Bu baxımdan gənclərin media savadlılığının artırılması, tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və sağlam rəqəmsal davranış mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır".
Rəfiqə Namazəliyeva,
AzNews.az