Belçika Ukraynaya daha yeddi F-16 qırıcısı verəcək

Belçika Ukraynaya yeddi ədəd F-16 qırıcı təyyarəsi təhvil verəcək və gələcəkdə öz arsenalında qalan bütün F-16-ların Kiyevə göndərilməsi imkanını nəzərdən keçirəcək.

Bu barədə Belçikanın müdafiə naziri Teo Franken NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə bildirib.

Nazirin sözlərinə görə, o, hökumətə yaxın illərdə Belçikanın bütün F-16 təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı təklif təqdim edəcək.

“Bu, F-35 qırıcılarının silahlanmaya qəbul edilməsindən asılıdır. Çünki Belçika NATO-nun nüvə doktrinasında müəyyən rol oynayır. Buna görə də F-16-ları təhvil verməzdən əvvəl F-35-ləri əldə etməliyik. Lakin ilk F-16-lar artıq göndəriləcək”, – deyə Franken vurğulayıb.

O qeyd edib ki, Brüssel artıq Ukraynaya yeddi F-16 qırıcısının və onların istismarı üçün zəruri olan dörd komplekt ehtiyat hissələrinin göndərilməsini razılaşdırıb.

Belçika rəsmisinin açıqlaması NATO ölkələrinin Ukraynaya hərbi dəstəyinin davam etdiyi bir vaxtda səsləndirilib. ABŞ istehsalı olan F-16 qırıcıları Ukraynanın hava qüvvələrinin modernləşdirilməsində mühüm rol oynayan əsas platformalardan hesab olunur.

Mövsüm,

AzNews.az