“Linç mədəniyyəti rəqəmsal mühitdə qarşıdurmaları artırır” - Hüseyn İbrahimov

"Rəqəmsal mühitdə yayılan fikirlər və davranış modelləri ictimai normalara uyğunluq baxımından qiymətləndirilməlidir. Əks halda, bu cür yanaşmalar sosial şəbəkələrdə linç mədəniyyətinin yayılmasına səbəb ola bilər. Müşahidələr göstərir ki, belə halların cəmiyyətə mənfi təsirləri kifayət qədər böyükdür. Bu, tərəflər arasında qarşıdurmaları artırır, təhqir və jarqon ifadələrin yayılmasına şərait yaradır, eyni zamanda rəqəmsal mühitdə neqativ tendensiyaları gücləndirir. Rəqəmsal texnologiyalardan istifadə özü də bir mədəniyyətdir və sosial platformalardan istifadə zamanı həm rəsmi, həm də qeyri-rəsmi sosial normalara əməl olunmalıdır. Bu normaların pozulması rəqəmsal mədəniyyət qaydalarının pozulması deməkdir".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Qeyd edək ki, son illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı sosial şəbəkələri insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevirib. İnformasiya mübadiləsinin asanlaşması, fikir paylaşımının genişlənməsi və ictimai proseslərin daha operativ izlənilməsi ilə yanaşı, rəqəmsal mühitdə müəyyən problemlər də ortaya çıxıb. Xüsusilə sosial normaların pozulması, aqressiv davranışların artması və “linç mədəniyyəti” kimi neqativ tendensiyalar cəmiyyətin diqqət mərkəzinə çevrilib. Bu kontekstdə rəqəmsal mədəniyyətin formalaşması və inkişaf səviyyəsi mühüm müzakirə mövzularından biridir. Mütəxəssislər hesab edirlər ki, sosial şəbəkələrdən istifadə tərzi həm fərdi davranış mədəniyyətini, həm də ümumi ictimai münasibətləri birbaşa təsir altına alır. Ona görə də rəqəmsal platformalarda etik və hüquqi normalara riayət olunması, eləcə də istifadəçilərin məsuliyyətli davranışı xüsusi əhəmiyyət kəsb edir.

Sosioloq qeyd edib ki, sosial mədəniyyətin inkişaf səviyyəsi istifadəçilərin sosial şəbəkələrdən hansı məqsədlə və hansı formada istifadə etməsi ilə ölçülür.

"Rəqəmsal cəmiyyətin formalaşması prosesində bu sahə ilə bağlı müəyyən problemlər mövcuddur. Həmin problemlərin aradan qaldırılması istiqamətində alimlər, tədqiqatçılar, media nümayəndələri və aidiyyəti qurumlar birgə fəaliyyət göstərməlidirlər. Məqsəd rəqəmsal mühitdə yaranan neqativ təsirlərin cəmiyyətin sosial strukturuna zərər vurmasının qarşısını almaqdır. Sosial platformalardan istifadə edən şəxslər həm ictimai normalara, həm də hüquqi çərçivələrə riayət etməlidirlər. İstifadəçilər özünənəzarəti qorumalı, paylaşdıqları fikirlərin və yazdıqları rəylərin nəticələrini nəzərə almalıdırlar. Sosial şəbəkələrdə davranış müəyyən sərhədlər daxilində həyata keçirilməli, hüquqi və etik normalar gözlənilməlidir. Ölkədə kibertəhlükəsizlik və rəqəmsal savadlılıq istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri bu problemlərin həllinə mühüm töhfə verə bilər. Bununla yanaşı, məsələ ilə bağlı daha geniş sosioloji araşdırmalara ehtiyac var. Araşdırmalar zamanı insanların niyə aqressiya yaradan və cəmiyyətdə gərginlik doğuran paylaşımlara üstünlük verdiyi, niyə sosial normaların pozulmasına maraq göstərdiyi öyrənilməlidir. Bu sualların cavabı rəqəmsal mədəniyyət problemlərinin mahiyyətini anlamağa və onların həlli yollarını müəyyənləşdirməyə kömək edə bilər. Bu məsələlərin kökündə fərdin özünənəzarət mexanizmlərinin zəifləməsi də mühüm rol oynayır".

Rəfiqə Namazəliyeva,

AzNews.az