​“İranın nüvə proqramını dondurması müharibənin tam dayanması üçün əsas şərtdir” – Ədalət Verdiyev

"ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların dayandırılmasından artıq üç həftə keçir. Hazırkı vəziyyət göstərir ki, nə Vaşinqton, nə də Tehran müharibənin yenidən genişmiqyaslı mərhələyə keçməsində maraqlıdır. ABŞ hərbi əməliyyatlar zamanı əldə edə bilmədiyi nəticələri diplomatik danışıqlar vasitəsilə qazanmağa çalışır. Bununla yanaşı, hər iki tərəf atəşkəs müddətindən istifadə edərək öz hərbi imkanlarını bərpa və gücləndirməyə çalışır. Müharibənin əsas yükünü İran daşıyır. Çünki hərbi əməliyyatlar onun ərazisində baş verir və ABŞ-nin hərbi potensialı ilə uzun müddət qarşıdurmada qalmaq Tehran üçün çətin görünür. Bu baxımdan, region ölkələrinin, xüsusilə də Səudiyyə Ərəbistanının proseslərə münasibəti diqqət çəkir. Bununla belə, Səudiyyə Ərəbistanının ABŞ-nin əməliyyatlarına dəstək verməkdən imtina etməsi ilə bağlı yayılan məlumatlar rəsmi şəkildə təsdiqlənməyib".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, "Azadlıq layihəsi” adı ilə həyata keçirilməsi nəzərdə tutulan əməliyyatın dayandırıldığı bildirilir. Rəsmi izahlarda bu qərar Pakistanın müraciəti ilə əlaqələndirilsə də, bəzi mənbələr əməliyyatın uğursuzluğunu Körfəz ölkələrinin gözlənilən dəstəyi göstərməməsi ilə izah edir. Eyni zamanda, “NBC News” ABŞ administrasiyasına yaxın mənbələrə istinadən məlumat yayıb ki, Səudiyyə Ərəbistanı Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün planlaşdırılan “Project Freedom” (“Azadlıq layihəsi”) çərçivəsində əməkdaşlıqdan imtina edib.

Ekspert bildirib ki, bu xəbərlər əsasən İran yönlü və ya anti-Amerika mövqeyinə malik media resurslarının yaydığı iddialar kimi qiymətləndirilir.

"Digər tərəfdən, ABŞ Pakistanla atəşkəsin davam etdirilməsi istiqamətində sıx təmaslar aparır və Pakistan tərəfi buna görə Vaşinqtona təşəkkür edib. Ehtimal olunur ki, əməliyyatların dayandırılması İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı ABŞ-nin tələblərinə müəyyən qədər yaxınlaşması ilə əlaqədar ola bilər. Belə ki, İranın uzunmüddətli dövr üçün nüvə proqramını dondurması və uran ehtiyatlarının nəzarətə verilməsi müharibənin tam dayandırılması üçün əsas şərtlərdən biri kimi qiymətləndirilir. Hazırda tərəflər arasında danışıqlar davam edir və müxtəlif təkliflər müzakirə olunur. Son açıqlamalardan görünür ki, Tehran müəyyən məsələlərdə mövqeyini yumşaltmağa başlayıb. Bununla yanaşı, region ölkələri, xüsusilə Körfəz dövlətləri İranın gələcəkdə yenidən hərbi güc toplamasından narahatdırlar. Bu səbəbdən həm İsrail, həm də bəzi ərəb ölkələri İranın hərbi potensialının maksimum zəiflədilməsində maraqlı görünürlər. Onların əsas hədəfləri sırasında İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması, raket proqramının dayandırılması və hətta mövcud rejimin dəyişdirilməsi kimi məsələlər yer alır. ABŞ isə bütün bunlarla yanaşı, regiondakı müttəfiqlərinin maraqlarını da nəzərə almağa məcburdur. Çünki müharibə dövründə Vaşinqtona açıq dəstək verən ölkələrin sayı kifayət qədər məhdud olub və NATO proseslərdə aktiv iştirak etməyib".

Rəfiqə Namazəliyeva,

AzNews.az