- Siyasi müzakirə
- 17:34
- 1 143
“ABŞ–İran münasibətlərində etimad mühiti hələ formalaşmayıb” — Rəşad Bayramov
"Həqiqətən də diplomatik təmasların intensivləşməsi, eləcə də müəyyən məsələlər üzrə dialoqun davam etdirilməsi tərəflər arasında münasibətlərin normallaşacağına dair müəyyən gözləntilər yaradırdı. Lakin mövcud reallıq göstərir ki, bu proses hələ də son dərəcə həssas mərhələdədir. Düzdür, imzalanan anlaşmalar və aparılan danışıqlar münasibətlərin müəyyən qədər idarəolunan məcrada saxlanmasına xidmət edir, lakin bu, uzun illər ərzində formalaşmış qarşılıqlı etimadsızlığın aradan qalxması demək deyil. Məlumdur ki, ABŞ və İran arasında əsas fikir ayrılıqları nüvə proqramı, regional təsir imkanları, iqtisadi sanksiyalar və Yaxın Şərqdə təhlükəsizlik arxitekturası ilə bağlıdır. Hər iki tərəf bu məsələləri öz milli təhlükəsizliyi baxımından strateji əhəmiyyətli hesab etdiyindən, kompromis əldə etmək asan görünmür. Məhz buna görə də danışıqlar davam etsə belə, paralel şəkildə sərt bəyanatlar və qarşılıqlı ittihamlar da səngimir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, ABŞ və İran arasında son dövrlərdə diplomatik təmasların artması müəyyən müsbət siqnallar yaratsa da, iki ölkə arasında dərin etimad mühitinin formalaşdığını söyləmək hələ mümkün deyil. Tərəflər arasında nüvə proqramı, iqtisadi sanksiyalar, regional təsir imkanları və Yaxın Şərqin təhlükəsizlik məsələləri üzrə ciddi fikir ayrılıqları qalmaqdadır. Aparılan danışıqlar müəyyən məsələlərin müzakirəsinə şərait yaratsa da, səsləndirilən qarşılıqlı ittihamlar və sərt siyasi bəyanatlar münasibətlərin nə qədər həssas mərhələdə olduğunu göstərir. Xüsusilə Vaşinqton və Tehranın son açıqlamaları tərəflər arasında gərginliyin tam aradan qalxmadığını nümayiş etdirir və regionda yeni gərginlik riskləri ilə bağlı müzakirələri yenidən aktuallaşdırır.
Siyasi şərhçi bildirib ki, bu cür ritorika ilk növbədə tərəflərin danışıqlar masasında mövqelərini qorumaq, güzəştə meyilli görüntü yaratmamaq və daxili auditoriyaya qətiyyət mesajı vermək istəyindən qaynaqlanır.
"ABŞ administrasiyası sərt açıqlamaları ilə bir növ Vaşinqtonun İranın nüvə fəaliyyətinə və regiondakı siyasətinə dair narahatlıqlarını ifadə edir, eyni zamanda daxili auditoriyaya “prosesi biz idarə edirik və şərtləri biz diktə edirik” mesajını ötürür. İran isə bu bəyanatları siyasi və diplomatik təzyiq vasitəsi kimi qiymətləndirir və cavab olaraq öz mövqeyini daha qəti şəkildə ifadə edir. Belə şəraitdə dialoq davam etsə də, tərəflər arasında etimadın formalaşması təbii olaraq çətinləşir. Çünki etimad yalnız diplomatik görüşlərlə deyil, həm də qarşı tərəfin niyyətlərinə inamın yaranması ilə mümkündür. Ümumiyyətlə isə, ABŞ prezidentinin sərt bəyanatları danışıqlar prosesinə ikitərəfli təsir göstərə bilər. Bir tərəfdən, bu cür açıqlamalar Vaşinqtonun “güc mövqeyindən danışıq” strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər və İranı müəyyən güzəştlərə sövq etməyə hesablanmış siyasi alət rolunu oynaya bilər. Digər tərəfdən isə, sərt ritorika Tehranda etimadsızlığı daha da artıraraq kompromis imkanlarını məhdudlaşdıra və danışıqlar prosesini ləngidə bilər. Xüsusilə daxili siyasi amillər nəzərə alındıqda, hər iki ölkə rəhbərliyi güzəştə meyilli görüntü yaratmaqdan çəkinə bilər. Odur ki, hazırkı mərhələdə ABŞ–İran münasibətlərini tam normallaşma prosesi kimi deyil, idarə olunan rəqabət və məhdud dialoq modeli kimi xarakterizə etmək olar. Tərəflər hərbi eskalasiyanın yaratdığı riskləri nəzərə alaraq ünsiyyət kanallarını açıq saxlamağa çalışırlar. Bununla yanaşı, fundamental fikir ayrılıqları və qarşılıqlı inamsızlıq hələ də qalmaqdadır. Başqa sözlə, danışıqların davam etməsi müsbət hal sayılsa da, sərt siyasi bəyanatlar və qarşılıqlı təzyiq siyasəti etimad mühitinin yaranmasını çətinləşdirir. Dayanıqlı nəticənin əldə olunması üçün isə ilk növbədə qarşılıqlı öhdəliklərə əməl edilməsi və ritorikanın daha konstruktiv müstəviyə keçirilməsi lazımdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az