- Siyasi müzakirə
- 19:54
- 2 330
“Vaşinqton və Tehran diplomatiyaya şans verməyə məcburdur” – Həşim Səhrablı
"ABŞ və İran arasında son aylarda müşahidə olunan nisbi yumşalmanın əsas səbəbi ondan ibarətdir ki, tərəflər yaşanan qarşıdurmalar zamanı və ondan sonra regiondakı reallıqları daha aydın şəkildə dərk etdilər. Həm Vaşinqton, həm də Tehran anladı ki, mövcud şəraitdə nə İran ABŞ-ni strateji məğlubiyyətə uğrada bilər, nə də ABŞ İrana qarşı əməliyyatlarla onu kapitulyasiyaya məcbur edəcək səviyyədə zəiflədə bilər. Bu səbəbdən hər iki tərəf başa düşür ki, münaqişənin davam etdirilməsi və eskalasiyanın genişlənməsi mümkün qələbədən daha çox zərər gətirə bilər. Məsələyə yalnız ikitərəfli münasibətlər prizmasından baxmaq olmaz. ABŞ-İran qarşıdurmasının davam etməsi və ya gərginliyin yenidən artması beynəlxalq iqtisadi münasibətlər üçün də ciddi risk hesab olunur. Tərəflər anlayırlar ki, problemi hərbi yolla həll etmək mümkün olmadıqda diplomatiyaya şans vermək, danışıqlar masasına qayıtmaq və müzakirələri davam etdirmək lazımdır. Bu, tərəflərin daha böyük itkilərlə və yeni dağıntılarla üzləşmədən problemi siyasi-diplomatik yollarla həll etməyə çalışmasının əsas səbəbidir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, ABŞ və İran arasında son dövrlərdə gərginliyin nisbətən azalmasına baxmayaraq, iki ölkə arasında ziddiyyətlər tam aradan qalxmayıb. Nüvə proqramı, sanksiyaların taleyi və regional təhlükəsizlik məsələləri ətrafında davam edən fikir ayrılıqları tərəflər arasında etimad mühitinin formalaşmasını çətinləşdirir. Danışıqlarda müəyyən irəliləyişlərin əldə edildiyi bildirilsə də, Vaşinqton və Tehranın ehtiyatlı davranışı prosesin hələ də həssas mərhələdə olduğunu göstərir. Bu kontekstdə İran Prezidenti Məsud Pezeşkianın açıqlamaları xüsusi diqqət çəkir. O bildirib ki, danışıqların uğuru tərəflərin götürdükləri öhdəliklərə sadiq qalmasından asılıdır və razılaşmaların ruhuna uyğun olmayan bəyanatlar əldə olunan nəticələri risk altına qoya bilər.
Siyasi şərhçi qeyd edib ki, prosesə təsir edən əsas amillərdən biri də beynəlxalq təzyiqlərdir.
"ABŞ-nin regiondakı əsas tərəfdaşları olan ərəb ölkələri təhlükəsizlik narahatlıqları səbəbindən Vaşinqtondan ya daha ciddi müdafiə tədbirləri gözləyirdilər, ya da müharibənin dayandırılaraq diplomatik prosesə qayıdılmasını tələb edirdilər. Son dövrlərdə ərəb dövlətlərinin bəyanatlarında bu mövqenin daha açıq şəkildə ifadə olunduğunu müşahidə edirik. Eyni zamanda İran da yaxın tərəfdaşlarının diplomatiyaya qayıdışla bağlı çağırışları ilə üzləşirdi. Müharibənin uzanması, xüsusilə Hörmüz boğazında risklərin artması və iqtisadi əlaqələrin pozulması ən çox təsirlənən ölkələrdən biri olan Çin üçün də arzuolunan deyildi. İranın əsas tərəfdaşlarından biri kimi Pekinin Tehran üzərində müəyyən təsir imkanları mövcuddur. Danışıqlar prosesində müşahidə olunan ziddiyyətlərə gəldikdə isə, tərəflər müzakirələrin müsbət keçdiyini bəyan etsələr də, zaman keçdikcə əldə olunan nəticələrin praktikada öz təsdiqini tapmadığı görünür. Bunun əsas səbəbi həm ABŞ, həm də İran siyasətində mövqelərin tez-tez dəyişməsi, yeni şərtlərin ortaya çıxması və tərəflərin manevr imkanlarından istifadə etməsidir. Bu gün razılaşdırılan məsələlərin bir müddət sonra artıq qəbul edilməz hesab olunması səbəbindən sənədlərə və razılaşma mətnlərinə mütəmadi dəyişikliklər edilir. Digər tərəfdən, əsas məsələlər üzrə razılıq əldə etmək olduqca çətindir. ABŞ və İran arasında imzalanmış memorandumda prinsipial məsələlərin həllinin növbəti 60 günlük mərhələyə saxlanıldığını görürdük. Hazırda həmin mərhələ başlayıb. Lakin fikir ayrılıqları o qədər dərindir ki, tərəflər bir çox məsələdə tamamilə fərqli mövqelərdə dayanırlar. Buna görə də əsas problemlərin qısa müddətdə həll ediləcəyini gözləmək çətindir. ABŞ İranın nüvə proqramından tam imtina etməsini tələb edir. İran isə nüvə silahı əldə etmək niyyətində olmadığını bildirsə də, dinc məqsədlərlə uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edir. Bundan başqa, Hörmüz boğazı ilə bağlı məsələlər də tərəflər arasında ən ciddi mübahisə mövzularından birinə çevrilib. Bu fikir ayrılıqları o qədər fundamental xarakter daşıyır ki, onların qısa müddətdə aradan qaldırılması real görünmür. İran Prezidenti Məsud Pezeşkianın açıqlamaları da göstərir ki, danışıqlarda əldə olunan razılaşmalar hələlik nisbi xarakter daşıyır. Çünki tərəflərin maraqları dəyişdikcə yeni tələblər və yeni müzakirə mövzuları ortaya çıxır. Buna görə də etimad mühitinin formalaşması üçün zamana ehtiyac var. Tərəflər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməklə yanaşı, qarşılıqlı etimadın bərpası istiqamətində də addımlar atmalıdırlar. Bu proses isə qısa müddətdə baş verməyəcək. Ona görə də böyük ehtimalla qarşıdakı 60 günlük müddət yekun razılıq üçün kifayət etməyəcək. Lakin həmin müddətdən sonra da tərəflərin hərbi qarşıdurmadan daha çox diplomatik prosesi davam etdirmək və danışıqları uzatmaq variantına üstünlük verəcəkləri gözlənilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az