Kontent yaradıcıları "TikTok"da milyonlarla baxış toplamağın sirrini açıqladılar - VİDEO

Artıq elə bir dövrdə yaşayırıq ki, özünü tanıtmaq, məşhurlaşmaq və bununla yanaşı, maddi qazanc əldə etmək çətin məsələ deyil.

Müxtəlif sosial platformalar, xüsusilə də "TikTok" vasitəsilə yeni ideyalarla çıxış edərək böyük auditoriyalara çatmaq olduqca asanlaşıb. Lakin bu proses təkcə populyarlıq deyil, həm də yaradıcılıq, faydalılıq, estetik zövq və informativlik tələb edir.

"TikTok" platformasının tanınmış kontent yaradıcıları Nigar Parənci və Taleh Nazarlı bu mövzuda təcrübələrini Baku TV ilə bölüşüblər. Qonaqlar sosial şəbəkələrdə populyarlaşmağın yolları, izlənmə sayını artıran amillər və "TikTok" alqoritminin iş mexanizmi barədə danışıblar.

Nigar Parənci kulinariya, Taleh Nazarlı isə texnoloji yeniliklərlə bağlı videolar hazırlayaraq izləyicilərə faydalı kontent təqdim etməyə çalışırlar.

Nigar Parənci kulinariya sahəsində sadə, lakin diqqətçəkən reseptlərin daha çox izləyici topladığını qeyd edərək, uğurlu kontentin əsas şərtinin səmimiyyət və davamlılıq olduğunu bildirib. Onun sözlərinə görə, istifadəçilər daha çox real, gündəlik və praktik videolara üstünlük verirlər. O, həmçinin "TikTok" vasitəsilə yeni auditoriya qazanmağın və brendlərlə əməkdaşlıq qurmağın mümkün olduğunu vurğulayıb.

Taleh Nazarlı isə texnoloji məzmunlu videoların yaradılması prosesindən danışaraq bildirib ki, bəzi videolar milyonlarla baxış toplasa da, bunun arxasında ciddi sınaqlar və alqoritm testləri dayanır: "Doğru vaxtda paylaşım, trend olan səslərdən istifadə və izləyici ilə interaksiya videonun yayılmasında həlledici rol oynayır". O, bir video üzərində bəzən günlərlə işləməyin tələb olunduğunu da əlavə edib.