Kartlardan silinən pullar geri qayıdacaq? - AÇIQLAMA

Azərbaycanda bir sıra bankların və ödəniş xidmətlərinin müştəriləri kart hesablarında texniki problemlərlə üzləşiblər. İstifadəçilər balansların mənfi göstərilməsi, vəsaitlərin silinməsi və kart əməliyyatlarında nasazlıqlarla bağlı şikayətlər ediblər. Bir neçə bank və ödəniş xidməti də müştərilərinə texniki çətinliklərlə əlaqədar xəbərdarlıq göndərib. Banklar problemin texniki xarakter daşıdığını bildirərək onun aradan qaldırılması istiqamətində işlərin aparıldığını açıqlayıblar. Hazırda nasazlığın dəqiq səbəbi ilə bağlı rəsmi məlumat verilməyib.

Bəs kartdan silinən vəsait vətəndaşlara geri qayıdacaqmı?

AzNews.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bank eksperti Ramin Bayramov bildirdi ki, "AzəriCard"da texniki problem yaranıb, düzələcək və hər şey əvvəlki vəziyyətinə qaytarılacaq:

"Texniki problemin mahiyyəti ondan ibarətdir ki, sistemdəki məlumatlarda qarışıqlıq yaranıb. Problem aradan qaldırıldıqdan sonra hər şey əvvəlki vəziyyətinə qaytarılacaq. Hətta elə insanlar var ki, kartlarında vəsait sıfır görünmür, əksinə, mənfi balans göstərilir. Yəni bu, texniki xarakterli qarışıqlıqdır və bərpa oluna bilən məsələdir. Banklardan verilən məlumata görə, "AzeriCard" bildirib ki, bütün problemlər aradan qaldırılacaq. Təbii ki, vəsaitin itməsindən söhbət gedə bilməz".