Tramp Tehranın təkzibinə baxmayaraq, İranın nüvə müfəttişlərinə razılıq verdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) İranın nüvə obyektlərinə baş çəkərkən amerikalı müfəttişlər də yoxlamalarda iştirak edəcəklər.

Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb və Tehranın belə yoxlamaların planlaşdırılmadığına dair açıqlamalarına zidd mövqe sərgiləyib.

“Onlar buna razılaşıblar, müfəttişlərə də razılıq veriblər”, – deyə Tramp bildirib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ və İsrailin zərbələri nəticəsində zədələnmiş nüvə obyektlərinin yoxlanılması ilə bağlı MAQATE ilə heç bir görüşün və ya planın olmadığını açıqlamışdı.

Tramp isə İranı əldə olunan razılaşmaları sonradan inkar etməkdə ittiham edib.

“Razılaşırlar, bunu yazılı şəkildə təsdiqləyirlər, sonra isə çıxıb bunun doğru olmadığını deyirlər”, – ABŞ prezidenti vurğulayıb.

O əlavə edib ki, müfəttişlərin dərhal göndərilməsinə tələsmirlər və Vaşinqton nüvə obyektlərinə çıxış məsələsini davam edən danışıqların bir hissəsi kimi qiymətləndirir.

Mövsüm,

AzNews.az