- Müşahidə məntəqəsi
- 24 İyun 23:43
- 2 238
“Xarici dildə danışmaq hər zaman zərurətdən qaynaqlanmır” – Naib Niftəliyev
"Müasir dövrdə xarici dillərin öyrənilməsi və istifadəsi qloballaşma prosesləri, rəqəmsal texnologiyaların inkişafı, beynəlxalq təhsil imkanlarının genişlənməsi və əmək bazarının mürəkkəbləşməsi ilə birbaşa bağlıdır. Bir neçə dili bilmək artıq sadəcə üstünlük deyil, müasir peşəkar fəaliyyətin vacib tələblərindən birinə çevrilib. Xarici dil bilikləri insanların sosial və peşəkar kapitalını artırır, onlara daha geniş əmək bazarına çıxış imkanı yaradır. Bu səbəbdən dil bilikləri təkcə prestij göstəricisi deyil, həm də daha yüksək gəlir əldə etmək və karyera imkanlarını genişləndirmək vasitəsi kimi qiymətləndirilir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, müasir dövrdə xarici dillərin öyrənilməsi və istifadəsi həyatın ayrılmaz hissəsinə çevrilib. Təhsil, texnologiya və beynəlxalq əlaqələrin inkişafı nəticəsində insanlar müxtəlif dillərdə ünsiyyət qurmaq imkanları əldə edirlər. Bununla yanaşı, bəzi şəxslərin gündəlik danışıqda ana dili ilə yanaşı və ya onun əvəzinə xarici dillərdən istifadə etməsi diqqət çəkən sosial tendensiyalardan biri kimi qiymətləndirilir. Bu vəziyyət cəmiyyətdə fərqli fikirlər doğurur: bir tərəf bunu müasir dünyanın tələbi və fərdi inkişafın göstəricisi hesab edir, digər tərəf isə ana dilinin qorunması və milli kimliyin möhkəmləndirilməsi baxımından məsələyə daha həssas yanaşır.
Sosioloq qeyd edib ki, gündəlik ünsiyyətdə xarici dillərdən istifadə hər zaman praktiki zərurətdən qaynaqlanmır.
"Sosioloji tədqiqatlar göstərir ki, bəzi hallarda xarici dildə danışmaq sosial statusun, həyat tərzinin və müəyyən sosial qruplara mənsubiyyətin nümayiş etdirilməsi vasitəsinə çevrilir. Xüsusilə sosial şəbəkələrdə və gənclər arasında xarici dillərdən istifadə bəzən sosial üstünlük və fərqlənmə göstəricisi kimi qəbul edilir. Beləliklə, dil seçimi yalnız kommunikasiya vasitəsi deyil, həm də sosial identifikasiya və özünüifadə forması kimi çıxış edir. Bu prosesə təsir edən əsas amillərdən biri də informasiyaya çıxış imkanlarıdır. Hansı dildə informasiya resursları daha zəngin və əlçatandırsa, istifadəçilər həmin dillərə daha çox maraq göstərirlər. Gəncləri xüsusilə xaricdə təhsil imkanları, beynəlxalq əmək bazarı, filmlər, rəqəmsal platformalar və sosial media məzmunları cəlb edir. Nəticədə xarici dillərdən gələn söz və ifadələr gündəlik danışıq dilinin tərkib hissəsinə çevrilir. Qlobal informasiya məkanına inteqrasiya da əsasən dil vasitəsilə həyata keçirilir. Daha çox dil bilmək daha geniş informasiya mənbələrindən istifadə etmək, yeni biliklər əldə etmək və fərqli mühitlərlə əlaqə qurmaq deməkdir. Müasir texnologiyalar müxtəlif dillərdə informasiyaya çıxışı asanlaşdırsa da, məlumatları daha dərindən anlamaq üçün həmin dili yaxşı bilmək vacib olaraq qalır. Xarici dil bilikləri insan üçün mühüm üstünlük yaratsa da, bu proses ana dilinin mövqeyinin zəifləməsinə gətirib çıxarmamalıdır. Ana dilini dərindən bilən insanlar adətən xarici dilləri də daha keyfiyyətli mənimsəyirlər. Bu xüsusilə sonradan xarici dil öyrənən şəxslər üçün xarakterikdir. Çoxdillilik müasir dünyanın vacib tələblərindən biridir. Bununla belə, əsas prioritet ana dilinin qorunması, inkişaf etdirilməsi və ictimai həyatda aparıcı mövqeyinin saxlanılması olmalıdır. Belə olduqda həm milli-mədəni dəyərlər və dil irsi qorunur, həm də digər dillərlə zəngin ünsiyyət və fikir mübadiləsi imkanları genişlənir. Ən optimal yanaşma insanın öz ana dilini mükəmməl bilməsi ilə yanaşı, imkan daxilində digər perspektivli və beynəlxalq əhəmiyyətli dilləri də öyrənməsidir. Bu, həm fərdi inkişaf, həm peşəkar uğur, həm də gələcək imkanların genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Rəfiqə Namazəliyeva,
AzNews.az