- Siyasi müzakirə
- 22:21
- 1 695
Yaxın illərdə qlobal silah bazarında tələbat daha da artacaq” – Ədalət Verdiyev
"İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Yaxın Şərq ölkələrinin silah-sursat ehtiyatlarında, xüsusilə hava hücumundan müdafiə sistemləri və raket arsenalında ciddi azalma müşahidə olunub. İranın mümkün cavab zərbələrinə qarşı müdafiə olunmağa çalışan ölkələr hazırda öz hərbi ehtiyatlarını bərpa etməyə çalışırlar. Eyni zamanda, həm Ukraynada, həm də Yaxın Şərqdə davam edən müharibə və münaqişələr bir çox dövlətləri silahlanma səviyyəsini artırmağa, müdafiə və təhlükəsizlik sahəsinə daha çox vəsait ayırmağa məcbur edir. Bu səbəbdən yaxın illərdə qlobal silah bazarında müasir pilotsuz uçuş aparatlarına, zenit-raket komplekslərinə, eləcə də uzaqmənzilli ballistik və qanadlı raketlərə tələbatın yüksək olacağı gözlənilir".
Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Qeyd edək ki, ABŞ və İran arasında davam edən gərginlik yeni mərhələyə qədəm qoyub. İyunun 21-də İsveçrədə keçirilən görüş zamanı tərəflər arasında fikir ayrılıqlarının açıq şəkildə üzə çıxması, danışıqların müəyyən məqamda fasiləyə uğraması və müzakirələrin vasitəçilər üzərindən davam etdirilməsi bölgədəki vəziyyətin nə qədər həssas olduğunu göstərir. Eyni zamanda İranın nüvə proqramı ilə bağlı qeyri-müəyyənlik, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq məsələləri və İsrailin Livandakı hərbi əməliyyatlarının davam etməsi regional təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir.
Ekspert qeyd edib ki, İranın nüvə proqramına gəlincə, ABŞ və İsrail bu proqramın əvvəlki temp və miqyasda davam etdirilməsinə imkan verməyəcək.
"Müxtəlif sazişlər imzalansa və yeni razılaşmalar əldə olunsa belə, son qarşıdurmanın əsas səbəblərindən biri İranın nüvə proqramı ilə bağlı narahatlıqlar idi. Bu baxımdan ABŞ öz əsas məqsədinə nail olmuş hesab edilir. İsrail də bu nəticədən razıdır, lakin Tel-Əvivin müharibə dövründəki hədəfləri Vaşinqtonun məqsədlərindən daha geniş və maksimalist xarakter daşıyırdı. Bu hədəflər arasında təkcə İranda hakimiyyət dəyişikliyi deyil, hətta ölkənin parçalanmasına qədər uzanan ssenarilərin də müzakirə olunduğu bildirilirdi. Hələlik belə ssenarilər reallaşmayıb. Bununla belə, İranın nüvə proqramının ciddi şəkildə məhdudlaşdırıldığı və əvvəlki inkişaf tempinin dayandırıldığı qeyd olunur",
Rəfiqə Namazəliyeva,
AzNews.az