​“Vaşinqton həm iqtisadi, həm də hərbi təzyiqi hibrid formada tətbiq edir” – Ədalət Verdiyev

"ABŞ İranda qarşıya qoyduğu hədəflərə tam şəkildə nail ola bilmir. Daha əvvəl tətbiq olunan iqtisadi sanksiyalara indi İran limanlarının və Hörmüz boğazının blokadası da əlavə olunub. Mövcud vəziyyət isə olduqca qeyri-müəyyəndir. ABŞ üstün tərəf kimi görünsə də, İran özünü məğlub saymır və tərəflər arasında ziddiyyətli tələb və təkliflər davam edir. ABŞ iqtisadi və hərbi təzyiq alətləri arasında balans yaratmaq əvəzinə, iqtisadi blokadanın təsirini hərbi təzyiq elementləri ilə gücləndirməyə çalışır. Yəni, Vaşinqton hər iki vasitəni paralel şəkildə və hibrid formada tətbiq edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft tədarükündə strateji əhəmiyyətə malikdir və burada yaranan hər hansı gərginlik qlobal enerji bazarlarına dərhal təsir göstərir. Son dövrlərdə ABŞ tərəfindən İran üzərinə təzyiq vasitəsi kimi bu boğazda blokada ehtimalı da müzakirə olunur. Belə bir addım İranın neft ixracını ciddi şəkildə məhdudlaşdıra, hasilatın azalmasına və ölkədə iqtisadi böhranın dərinləşməsinə səbəb ola bilər. ABŞ Prezidenti Donald Trampın bu strategiyanı “bombadan daha effektiv” kimi qiymətləndirməsi isə məsələnin geosiyasi və hərbi risklərini daha da ön plana çıxarır.

Ekspert qeyd edib ki, bu strategiyanın nəticə verməsi üçün müəyyən vaxt tələb olunur və yaxın həftələrdə ciddi dəyişikliklərin baş verməsi gözlənilmir.

"Hörmüz boğazı ətrafında vəziyyət isə xüsusilə gərgindir. Kiçik bir insident və ya atəşkəsin pozulması genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasına səbəb ola bilər ki, bu da İranın maraqlarına uyğun deyil və regionda gərginliyi daha da artırır".

Rəfiqə Namazəliyeva,

AzNews.az