​“Müasir müharibələrin dəyişən xarakteri antidron sistemlərini ön plana çıxarır” – Ədalət Verdiyev

"Dünyanın bir sıra ölkələrində uzunmüddətli müharibələr davam edir və bu münaqişələrdə yeni silahlı mübarizə metodları getdikcə daha çox ön plana çıxır. Ukraynada artıq beş ildir davam edən Rusiya işğalına qarşı mübarizə çərçivəsində hazırlanmış antidron sistemləri bu baxımdan xüsusi maraq doğurur. Ukraynalı mütəxəssislər İran istehsalı “Şahid-136” tipli dronlara qarşı effektiv mübarizə təcrübəsini bir sıra ölkələrlə bölüşür və həmin ölkələrin ərazisində təlimlər keçir, bu sistemlərin tətbiqi ilə bağlı fəaliyyət göstərirlər. Bu, Ukraynanın müharibə şəraitində qazandığı texnoloji təcrübənin ixracı kimi qiymətləndirilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, Ermənistanın 30 il ərzində “yenilməz ordu” kimi təqdim etdiyi hərbi potensial 44 günlük müharibədə Azərbaycan Ordusu qarşısında tab gətirmədi. Müasir müharibələrin dəyişən xarakteri isə dronlara qarşı müdafiə sistemlərinin inkişafını ön plana çıxarır. Bu kontekstdə Ukrayna dron əleyhinə texnologiyalar sahəsində qazandığı təcrübəni bir sıra ölkələrlə bölüşür. Aprelin 25-də Azərbaycan və Ukrayna liderlərinin görüşündə bu istiqamətdə əməkdaşlıq, texnologiya mübadiləsi və birgə istehsal imkanları müzakirə olunub.

Ekspert bildirib ki, Azərbaycanın NATO ilə əməkdaşlığı uzun illərdir davam edir və sabit xarakter daşıyır.

"Ölkə 1997-ci ildən NATO-nun proqramlarında fəal iştirak edir və bu əməkdaşlıqdan heç vaxt imtina etməyib. Azərbaycan yalnız suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini tanıyan beynəlxalq təşkilatlarla əməkdaşlıq prinsipini əsas götürür. Lakin Ukrayna ilə əməkdaşlığı NATO-ya inteqrasiya prosesinin birbaşa tərkib hissəsi kimi qiymətləndirmək doğru yanaşma deyil. Bu kontekstdə Azərbaycanın mümkün inteqrasiya proseslərini müstəqil şəkildə müəyyən etdiyi, hər hansı xarici təsir olmadan qərar verdiyi və bu məsələlərin əsasən strateji tərəfdaş olan Türkiyə ilə məsləhətləşmə çərçivəsində müzakirə oluna biləcəyi vurğulanır".

Rəfiqə Namazəliyeva,

AzNews.az