Taleh Şahsuvarlı Rauf Arifoğluna səsləndi: Onlar 3 olsun, mən tək- Uduzsam, diplomumdan imtina edəcəm!

"Eks Baş nazir Pənah Hüseynlə bu günkü debatda verilişin çoxunda hörmətli opponentim danışdı. Odur ki, hörmətli Rauf Arifoğlu və Sevinc Telman Qızı, bu başlığa etiraz edirəm, hərçənd youtube alqoritmlərinə bələd olan şəxs kimi istənilən yayımda klikbeytə olan ehtiyacı başa düşürəm. Hesab edirəm ki, çox aktual bir mövzu qaldırmışam və tam hədəfə vurmuşam".

Bu barədə siyasi analitik Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb. O, deyib:

"Odur ki, məmnuniyyətlə rəy bölməsində linki paylaşacam. Mən şiə ailəsində doğulmuşam, şiəyəm və hesab edirəm ki, İranda mənim dini etiqadımı və məzhəbi kimliyimi istismar edən rejimin iflasa uğraması HEÇ BİR HALDA mənim mənsub olduğum Azərbaycan xalqının inanc kodlarını zədəyə bilməz. Azərbaycan xalqı məzhəb ayrı-seçkiliyini hələ Cümhuriyyət dövründə həll edib və xalqlaşma prosesi baxımından bu məsələ özü-özlüyündə problem yaratmır. Ancaq bir daha deyirəm: Şah İsmayıl dövründə Azərbaycan imperiyası qurmaq üçün bizim etnik mənsubiyyətimiz yetərli olmadı (çünki Orta Asiyadan türk axını kəsilmişdi) və nəticədə biz türk mənşəli Azərbaycan əhalisi şiə inancına üz tutduq. Bu gün Azərbaycanın sekulyar (iliyimə qədər sekulyaram) ideoloji sistemində islamın və şiəliyin yeri, rolu, funskiyası nədir? Bu məsələ müzakirə olunmalıdır və mənim mövqeyim birmənalıdır: Azərbaycanın qeyri-ənənəvi dini cərəyanların təsir altına düşməsinə imkan vermək olmaz. Və bu dünyada heç kim, heç bir xarici iradə mənim inanc azadlığıma, Həzrət Əlinin və İmam Hüseyninin haqqaniyyəti ilə bağlı düşüncələrimə, o cümlədən şiə təsəvvüfünün Azərbaycan fəlsəfə tarixindəki müstəsna roluna kölgə sala bilməz. İndi Sizdən xahişim: Pənah Hüseyn, Fazil Mustafa və Sərdar Cəlaloğlu üçü birlikdə, mən tək, bir debatımızı təşkil edin. Bu 3 şəxs əgər birlikdə o debatda mənim yanlış olduğumu isbat edə bilsələr, buradan söz verirəm: mərhum alimimiz, Azərbaycanın görkəmli filosofu, mərhum Zakir Məmmədovun mənə yazdığı bu "5"-ə etiraz olaraq fəlsəfə ixtisası üzrə ali təhsil diplomumdan efirdə hər kəsin gözü önündə imtina edəcəm. Buyursunlar, onlar 3, mən tək!!!"

AzNews.az

image description