- Siyasi müzakirə
- 16:18
- 2 148
“Seçkinin nəticəsini cəmiyyətdə hansı baxışın üstün olması müəyyən edəcək” – Hikmət Babaoğlu
"Ermənistanın daxili siyasi sistemində korrupsiya və rüşvət həmişə mövcud olub. Hətta siyasi təzyiq və məqsədlərə çatmaq üçün ən qəddar terror aktlarına belə əl atılıb. Buna görə də seçki rüşvətinin də Ermənistan cəmiyyəti üçün xarakterik olduğu qənaəti formalaşır. Məsələ ondadır ki, 7 iyunda Ermənistanda keçiriləcək seçkilərdə bir-birinə zidd siyasi dünya görüşlərini təmsil edən qüvvələr iştirak edəcək və görünən odur ki, kifayət qədər gərgin mübarizə müşahidə olunacaq. Seçkidə iştirak edən tərəflərin qalib gəlmə şanslarını müqayisə etdikdə, hər birinin digərindən fərqlənən üstünlükləri olduğu aydın görünür. Belə ki, Paşinyanın siyasi komandasının əlində inzibati resurslar var. Samvel Karapetyan tərəfdarları isə hələlik qeyri-rəsmi komanda kimi çıxış etsələr də, onların sərəncamında ciddi maliyyə imkanları mövcuddur".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Ermənistanda 7 iyun parlament seçkiləri ərəfəsində gərginlik artır. Baş nazir Nikol Paşinyan “Güclü Ermənistan” Partiyasının seçki rüşvəti ilə bağlı iddialarına münasibət bildirərək, bu taktikanın artıq işləmədiyini deyib və 2018-dən sonra belə hallara qarşı ciddi tədbirlər görüldüyünü vurğulayıb. Bu arada, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi partiyanın 14 üzvünün saxlanıldığını açıqlayıb. Hakimiyyət bunu şəffaflıq tədbiri kimi təqdim etsə də, müxalifət həbslərin siyasi motivli olduğunu iddia edir.
Deputat qeyd edib ki, bu baxımdan seçki rüşvəti Karapetyan tərəfinin istifadə edə biləcəyi əsas alətlərdən biri hesab olunur.
"Bu səbəbdən Ermənistanın hüquq-mühafizə orqanlarının əvvəlcədən bu kimi hallara qarşı tədbir görməsi hüquqi baxımdan əsaslı sayıla bilər. Çünki seçki rüşvətinin baş vermə ehtimalı kifayət qədər yüksəkdir və belə hallarla bağlı faktların toplanması nisbətən asandır. Digər tərəf isə bu addımları özünə qarşı siyasi təzyiq kimi təqdim etməyə çalışacaq. Bu yolla həm elektoratın mövqeyinə təsir göstərmək, həm də beynəlxalq ictimaiyyət qarşısında hakimiyyətin demokratik seçki prosesinə müdaxilə etdiyini iddia etmək niyyəti güdülə bilər. Nəticə etibarilə, qarşıdakı mərhələdə bu mübarizənin daha da kəskinləşəcəyi gözlənilir. Hansı tərəfin qalib gələcəyini isə Ermənistan cəmiyyətində hansı siyasi baxışın üstünlük təşkil etməsi müəyyən edəcək: sülhpərvər mövqe, yoxsa revanşist və müharibə tərəfdarı yanaşma. Bu sualın cavabı seçkilərdən sonra aydın olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az