Azərbaycanda “frilanser” anlayışı qanunvericiliyə daxil edilir - ŞƏRH

Azərbaycanda rəqəmsal texnologiyalar və innovasiya sahələrində fəaliyyət göstərən şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi məqsədilə qanunvericiliyə “frilanser” anlayışının daxil edilməsi təklif olunur.

Aznews.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, frilanser — muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında müstəqil şəkildə ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye və ya texnologiyalar parkının rezidenti olan fiziki şəxs hesab ediləcək.

Yeni qaydalara əsasən, frilanserlər vergi orqanında qeydiyyatdan keçdikdən, müvafiq sənaye və ya texnologiyalar parkında rezident kimi qeydiyyata alındıqdan və qeydiyyat şəhadətnaməsi aldıqdan sonra fəaliyyət göstərə biləcəklər.

Bu şəxslər həm ölkə daxilində xidmət göstərə, həm də xarici mənbələrdən gəlir əldə edə biləcək. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulan vergi güzəştləri və azadolmalardan istifadə etmək imkanı əldə edəcəklər.

Təklif olunan dəyişikliklərin məqsədi rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirmək və innovasiya sahəsində çalışan müstəqil mütəxəssislər üçün daha aydın hüquqi çərçivə yaratmaqdır.

Nuray, Aznews.az