- Siyasi müzakirə
- 22:08
- 1 153
“Avropa İttifaqı böhranlar vasitəsilə inkişaf edən bir struktur kimi çıxış edir” – Şəhla Cəlilzadə
"Avropa İttifaqı son on illiklərdə bu və ya digər şəkildə əlaqədar olduğu regional və ya qlobal miqyaslı münaqişələr nəticəsində qaçqın-miqrant böhranı ilə üzləşib. Məsələn, 2010-cu ilə qədər Avropaya qaçqın-miqrant axını böhran səviyyəsində deyildi. Ərəb Baharının başlanması ilə Avropaya Yaxın Şərqdən kütləvi axın başlandı. Bunun pik nöqtəsi 2015-ci il idi – Avropa illik 1,2 milyon qaçqın axını qarşısında böhran yaşadı. 2016–2020-ci illərdə axın zəifləsə də, Ukraynada müharibənin başlaması ikinci dəfə böhran səviyyəsinə çatan güclü miqrant dalğası yaratdı. Halbuki milyonlarla insanı yerindən didərgin salan müharibələrdə tərəfləri silahlandırmaq elə münaqişələrin qızışdırılmasına bərabərdir. Avropa Yaxın Şərqlə bağlı böhran dövründə qaçqın axınını xüsusilə Türkiyə və digər ölkə sərhədlərində durdurmağa çalışsa da, sərhədlərinə gəlib çatan qaçqınları beynəlxalq humanitar hüquq prinsiplərinə əsasən qəbul etməli idi. İndi isə (Ukrayna və Belarus sərhədlərindən gələnlər fonunda) axınla bağlı problemləri birbaşa Aİ özü həll etməlidir. Qaçqın qəbulu məsələsində Aİ ölkələri arasında müəyyən fikir ayrılıqları mövcuddur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, Avropa Parlamentində miqrasiya siyasəti ətrafında aparılan müzakirələrin son dövrlərdə intensivləşməsi Aİ daxilində mövcud fikir ayrılıqlarını daha açıq şəkildə üzə çıxarır. Üzv dövlətlərin miqrant axınlarının idarə olunması, sığınacaq sistemləri və məsuliyyət bölgüsü kimi məsələlərdə fərqli yanaşmalar sərgiləməsi vahid və ortaq strategiyanın formalaşdırılmasını çətinləşdirir. Xüsusilə Şərqi və Qərbi Avropa ölkələri arasındakı mövqe fərqləri ümumi siyasi konsensus prosesini ləngidir.
Siyasi şərhçi qeyd edib ki, bu fikir ayrılıqları Aİ-ni parçalayacaq səviyyədə deyil, lakin fraqmentar xarakter daşıyaraq vahid mexanizm kimi fəaliyyətini ləngidir.
"Buna baxmayaraq, Aİ daima böhranlar vasitəsilə inkişaf edən bir struktur olaraq dəyərləndirilə bilər. Elə qaçqın-miqrant böhranı da təşkilati olaraq vahid mexanizmlərin formalaşmasına gətirib çıxardı – Frontex (sərhəd və sahil mühafizəsi) proqramı bu çərçivədə 2015-ci ildən bəri daha da inkişaf etdirildi. Hazırda isə Yeni Miqrant və Sığınacaq Paktı qəbul edilib və bu, 2026-cı ilin iyun ayından qüvvəyə minəcək. Miqrant qəbulu məsələsində bunadək əsas mövqe fərqləri “miqrant və qaçqın qəbul etmək yaxud qəbul etməmək” məsələsi deyil, məsuliyyəti necə bölüşdürmək məsələsində idi. Xüsusilə cənub-sərhəd ölkələri (İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya və s.) Yaxın Şərqdən miqrant axını ilə daha çox üzləşdiyi üçün məsuliyyətin bölüşdürülməsini tələb edirdilər. Şimalda və Mərkəzi Avropada olan Aİ ölkələri miqrant qəbulu məsələsində daha sərt mövqe sərgiləyirdilər, çünki onlar xüsusilə Rusiya–Ukrayna müharibəsinədək böhranla birbaşa üz-üzə deyildilər. İndi isə vəziyyət bir qədər fərqlidir. Son olaraq, Macarıstan və Polşa miqrant və qaçqın qəbulunda mövqeyini daha da sərtləşdirərək onları qəbul etməyəcəklərini iddia edirlər (2024-də Paktın qəbulu əleyhinə səs veriblər). Lakin Macarıstanda hakimiyyət dəyişikliyi və yeni iqtidarın daha çox Aİ-inteqrasiya yönümlü olması ilə bu məsələdə mövcud fikir ayrılıqlarının aradan qaldırılması gözlənilir. Polşa isə istisna təşkil edir. Sərhəddə olduğu üçün artıq yetərincə çox ukraynalı qaçqını qəbul etdiyini bildirən Polşa bu məsələdə sərt mövqeyini qoruyur və müvafiq istisnanın davam edəcəyi gözlənilir. Sərt mövqe tərəfdarları zamanla siyasətdə ortadan çıxarılır. Məsələn, bir zamanlar “Ukraynada NATO sülhməramlıları yeridilməlidir, Rusiya məğlub edilməzsə Polşa təhlükədədir” deyə açıq çağırış edən PiS partiyası iqtidarı itirdiyi kimi, indi də orta mövqe – Ukraynaya silahlı yardımın davamı və qaçqınların qəbulu məsələsində konsensusun təmin olunması gözlənilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az