Milli tarixçilər məmur təzyiqi altında: Kərim Şükürov 1000 manat cərimə edildi

Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə bağlı qəribə hadisə baş verib.

Belə ki, institutun direktoru Kərim Şükürov Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimələnib.

“Cebheinfo.az” xəbər verir ki, cərimənin səbəbi institutda bir neçə ay öncə baş vermiş hadisə ilə bağlıdır.

Belə ki, institutun 77 yaşlı əməkdaşı Tofiq Həsənov 2025-ci il dekabrın əvvəlində təzyiqinin aşağı düşməsi səbəbilə sanitar qovşaqda özünü narahat hiss edib. Bununla bağlı təcili yardım çağrılıb, ailəsinə məlumat verilib.

Hadisədən sonra Tofiq Həsənov bülletenə çıxıb və daha sonrakı proses çərçivəsində institut direktoru cərimələnib.

Çıxarılan qərarla razılaşmayan institutun direktoru Kərim Şükürov saytımıza bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə bununla bağlı bütün dəlil-sübutlarım təqdim edilməsinə baxmayaraq, baş verən olay bədbəxt hadisə hesab edilib:

“İstitutun direktoru kimi ştat cədvəli üzrə əmək haqqım 1150 manat olduğu halda, aprelin 23-də, hadisədən 5 ay sonra mənə 1000 manat cərimə tətbiq edilib. Çıxarılan qərarla razılaşmıram və bununla bağlı hüquqi mübarizəmi davam etdirəcəyəm, məhkəməyə müraciət etməyi düşünürük”.

AzNews.az