- Siyasi müzakirə
- 18 İyun 23:17
- 1 533
“14 bəndlik memorandum hər iki tərəfin maraqlarını əks etdirir” – Əli Mustafayev
"Bu sənəd əslində kompromislərin məcmusu kimi nəzərdən keçirilməlidir. Hər iki tərəf müəyyən məsələlərdə güzəştə gedib. ABŞ və İran bəzi strateji mövzularda bir addım geri çəkiliblər. Eyni zamanda, sənəddə hər iki tərəfin maraqlarına xidmət edən məqamlar da yer alır. Buna görə də bunu bir növ strateji kompromis kimi qiymətləndirmək mümkündür. Əlbəttə, bu sənədin imzalanması həm regionda, həm də qlobal miqyasda bir sıra mühüm proseslərin gedişatına ciddi təsir göstərə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, ABŞ və İran arasında uzunmüddətli gərginliyin yumşaldılması istiqamətində 14 bəndlik qarşılıqlı anlaşma memorandumu beynəlxalq gündəmdə diqqət çəkib. Sənədin ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən təsdiqləndiyi bildirilir. Razılaşma hərbi əməliyyatların dayandırılmasını, qarşılıqlı suverenliyə hörmət edilməsini və 60 gün ərzində yekun sülh sazişi üzrə danışıqların aparılmasını nəzərdə tutur. Memorandumda həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpası, sanksiyaların mərhələli yumşaldılması və İranın nüvə proqramı üzrə dialoqun davam etdirilməsi yer alır. Sənədin regionun təhlükəsizlik balansına və qlobal proseslərə ciddi təsir göstərəcəyi ehtimal olunur.
Siyasi şərhçi qeyd edib ki, xüsusilə Hörmüz boğazının bağlanması ehtimalı dünya enerji bazarlarında ciddi dalğalanmalara, o cümlədən qiymət artımlarına səbəb olub.
"Bu kimi razılaşmaların davamlılığı və effektivliyi üçün tərəflər arasında qarşılıqlı etimadın qorunması vacibdir. Əks halda, yaranmış qeyri-müəyyənlik və gərginlik aradan qalxmaya bilər və proses daha da mürəkkəbləşə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az