- Siyasi müzakirə
- 18 İyun 23:13
- 1 668
"Hakan Fidanın Moskva səfəri adi səfər deyildi" – Kənan Novruzov
"Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanandan dərhal sonra Moskvaya səfər etməsi diqqət çəkən məqamlardan biridir. Fidan həm Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həm də Prezident Vladimir Putinlə görüşüb. Beynəlxalq siyasətdə təsadüflər olmur. Nəzərə alsaq ki, səfərin əsas müzakirə mövzularından biri Cənubi Qafqaz olub, istisna deyil ki, tərəflər Nikol Paşinyanın yeni hakimiyyət dövrü ilə bağlı fikir mübadiləsi aparıblar. Məlumdur ki, Rusiya Paşinyanın hakimiyyətdə qalmasında maraqlı deyildi və müxtəlif vasitələrlə bu prosesə təsir göstərməyə çalışırdı. Bundan sonra da Moskvanın Cənubi Qafqazda sülh və sabitliyə mane olmağa çalışması, hətta Paşinyan hakimiyyətinə qarşı müxtəlif addımlar atması ehtimalı istisna edilmir. Təsadüfi deyil ki, Rusiyaya yaxınlığı ilə tanınan keçmiş prezident Robert Koçaryanın Moskvaya səfərinin qarşısı alındı".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri və Prezident Vladimir Putin tərəfindən qəbul edilməsi regionda və beynəlxalq müstəvidə maraqla qarşılanıb. Görüşün Ukrayna müharibəsinin davam etdiyi, Yaxın Şərqdə təhlükəsizlik risklərinin artdığı və Cənubi Qafqazda siyasi proseslərin intensivləşdiyi bir vaxta təsadüf etməsi onun əhəmiyyətini daha da artırır. Son illərdə Ankara və Moskva bir sıra məsələlərdə əməkdaşlıq etsələr də, bəzi regional mövzularda fərqli maraqlara malikdirlər. Bu baxımdan Hakan Fidan və Vladimir Putin arasında keçirilən danışıqların gündəliyi, eləcə də əldə olunan mesajlar həm regional təhlükəsizlik, həm də qlobal siyasi proseslər kontekstində diqqətlə izlənilir.
Siyasi şərhçi qeyd edib ki, bu səfər adi və ya turistik xarakter daşımırdı.
"Ermənistanla bağlı müəyyən proseslərin getdiyi görünür. Hakan Fidanın Moskva səfərində əsas məqsədlərdən biri də Türkiyənin maraqlarını Rusiya tərəfinin diqqətinə çatdırmaq olub. Ankara mesaj verib ki, Ermənistanla bağlı Türkiyənin maraqlarına zidd addımlar qəbuledilməzdir. Əgər Moskva Cənubi Qafqaz və Ermənistan istiqamətində Ankaranın maraqlarına uyğun olmayan addımlar atarsa, bu, Türkiyə-Rusiya münasibətlərində gərginliyə səbəb ola və Ankaranın Rusiya-Ukrayna müharibəsinə dair balanslı siyasətinə təsir göstərə bilər. Görüşdə Rusiya-Ukrayna müharibəsi də əsas müzakirə mövzularından biri olub. Türkiyənin vasitəçilik imkanları əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Bunun iki əsas səbəbi var. Birincisi, həm Rusiya, həm də Ukrayna hazırda kompromisə getmək niyyətində görünmür. İkincisi isə ABŞ və Avropa arasında müharibənin gələcəyi ilə bağlı fərqli yanaşmaların mövcud olmasıdır. ABŞ müharibənin dayandırılmasını prioritet hesab etdiyi halda, Avropada bəzi dairələr Rusiyaya qarşı təzyiqlərin davam etdirilməsinin tərəfdarıdır. Bu fərqli yanaşmalar danışıqlar prosesini daha da çətinləşdirir və Türkiyənin vasitəçilik imkanlarını məhdudlaşdırır. Bununla belə, əgər Qərb vahid mövqedən çıxış etsə və tərəflər kompromisə hazır olsalar, Ankaranın vasitəçilik rolu yenidən güclənə bilər. Belə olan halda, Türkiyədə Rusiya və Ukrayna nümayəndələri, hətta liderlər səviyyəsində görüşlərin keçirilməsi mümkündür. Hazırkı şəraitdə Türkiyə bu cür danışıqlar üçün ən uyğun platformalardan biri olaraq qalır".
Rəfiqə Namazəliyeva,
AzNews.az