- Siyasi müzakirə
- 18 İyun 23:16
- 1 568
“Hərbi gərginliyi dialoq və sülh gündəliyi əvəz edir” – Ədalət Verdiyev
"Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsi müsbət qiymətləndirilməlidir. Bu, bir daha göstərir ki, tərəflər üçüncü qüvvələrin iştirakı olmadan birbaşa təmaslar qura, görüşlər keçirə və vacib məsələləri müzakirə edə bilirlər. Ermənistanın baş nazirinin mümkün risklərlə bağlı səsləndirdiyi fikirlər isə daha çox ölkədaxili vəziyyətlə əlaqələndirilə bilər və birbaşa Azərbaycanla bağlı deyil. Son aylarda Ermənistanda, xüsusilə də Rusiya ilə münasibətlər fonunda müəyyən gərginlik və siyasi çalxalanmalar müşahidə olunur. Bu baxımdan, təhlükəsizlik mühiti tam sabit hesab edilə bilməz".
Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif səviyyələrdə təmaslar davam edir. Ermənistanın Baş naziri Nikol Paşinyanın məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında Dilicanda keçirilən görüş müharibə risklərinin azaldılması məqsədi daşıyıb. Paşinyan görüşün mövcud təhlükəsizlik çağırışları fonunda qısa müddətdə təşkil olunduğunu bildirib. Bu açıqlama regionun təhlükəsizlik mühiti və Bakı–İrəvan dialoqunun perspektivləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Ekspert qeyd edib ki, tərəflər arasında birbaşa görüşlərin təşkili və davam etdirilməsi hərbi gərginliyin tədricən dialoq və sülh gündəliyi ilə əvəz olunduğunu göstərir.
"Bu cür təmaslar qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir və münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərir. Hazırkı mərhələdə dialoqun gələcək perspektivləri kifayət qədər ümidverici görünür. Yaxın dövrdə görüşlərin davam etdirilməsi, eləcə də Ermənistan tərəfindən Konstitusiya dəyişiklikləri ilə bağlı addımların atılması sülh sazişinin imzalanması ehtimalını daha da artırır. Eyni zamanda, ikitərəfli təmasların intensivləşməsi Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya proseslərinin sürətlənməsinə də müsbət təsir göstərə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az