Baydenin 17 milyon dollar borcu olan oğlu yeni iş tapıb

ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden Kaliforniyadakı bir reabilitasiya mərkəzində məsləhətçi və müəssisənin xeyriyyə fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.

Xarici media yazır ki, Hollivud Hilsdə yerləşən "Peak Path Health" varlı müştəriləri hədəf alaraq alkoqol və narkotik asılılığı ilə işləməkdə ixtisaslaşıb. Mərkəzin məlumatına görə, 2026-cı ilin iyun ayında yeddi illik ayıqlığını qeyd edən Hanter Bayden həm şəxsi təcrübə, həm də bərpa və davranış sağlamlığı müalicəsi xidmətlərini daha əlçatan etmək iddiası ilə işləyəcək.

Hanter Bayden illərdir ki, diqqətdən kənarda qalsa da, daim qalmaqallara adı qarışıb. O, digər məsələlərlə yanaşı, vergidən yayınmaqda da ittiham olunurdu. 2024-cü ildə odlu silah qaydalarını pozmaqda təqsirli bilinib. Prezident Co Bayden oğlu üçün əfv fərmanı imzalayıb və onu 1 yanvar 2014-cü il ilə 1 dekabr 2024-cü il arasında törədilmiş bütün cinayətlərdən azad edib.

Hanter Bayden özü vəkillərə və kreditorlara 17 milyon dollar borclu olduğunu etiraf edib. Bu ilin aprel ayında onun hazırkı vəkili Baydenin maliyyə çətinliyi və xaricdə yaşaması səbəbindən keçmiş vəkillərinə borcunu ödəyə bilmədiyini bildirib. Bəzi məlumatlara görə, o, həyat yoldaşının vətəni Cənubi Afrikada yaşayır.

Hanter Baydenin yeni işində nə qədər qazanacağı, uzaqdan işləyə biləcəyi və ya Kaliforniyaya köçməli olub-olmayacağı hələlik məlum deyil.