“İran ABŞ-nin gücünü nəzərə almağa məcbur qaldı” – Azər Həsrət

"İran Prezidenti Məsud Pezeşkianın ABŞ Prezidenti Donald Trampla birlikdə qarşılıqlı anlaşma memorandumunu təsdiqləməsi, daha sonra isə Pakistanın Baş naziri Şahbaz Şərifin də sənədə qoşulması diqqətçəkən hadisədir. 1979-cu il İslam İnqilabından sonra İran uzun illər ABŞ-ni əsas rəqibi kimi təqdim edib, Vaşinqtona qarşı sərt ritorika nümayiş etdirib və onunla əməkdaşlığı istisna etdiyini bəyan edib. Buna baxmayaraq, müəyyən dövrlərdə tərəflər arasında məhdud təmaslar və əməkdaşlıq nümunələri də mövcud olub. Hazırkı memorandumun imzalanması İranın ABŞ ilə birbaşa danışıqlar və razılaşmalar formatını qəbul etməsi baxımından mühüm hadisə kimi qiymətləndirilə bilər. Sənədin imzalanmasından sonra tərəflər arasında daha genişmiqyaslı razılaşmaların əldə olunması ehtimalı da gündəmdədir. Bu proses İranın ABŞ-nin siyasi və hərbi gücünü nəzərə almağa məcbur qaldığını göstərir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, ABŞ ilə İran arasında illərdir davam edən qarşıdurma fonunda tərəflər arasında 14 bənddən ibarət qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəddə hərbi əməliyyatların dayandırılması, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərilməsi, eləcə də 60 gün ərzində yekun sülh sazişi üzrə danışıqların aparılması nəzərdə tutulur. Razılaşmada həmçinin Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsiz şəkildə bərpası, sanksiyaların mərhələli şəkildə yumşaldılması və İranın nüvə proqramı ilə bağlı müzakirələrin davam etdirilməsi kimi məsələlər əksini tapıb. Bununla belə, uzunmüddətli gərginlikdən sonra əldə olunan bu anlaşmanın praktik nəticələrinin necə olacağı və tərəflərin öhdəliklərə nə dərəcədə sadiq qalacağı beynəlxalq arenada əsas müzakirə mövzularından biri olaraq qalır.

Siyasi şərhçi qeyd edib ki, son illərdə regionda baş verən hadisələr, eləcə də İranın üzləşdiyi siyasi, iqtisadi və təhlükəsizlik təzyiqləri Tehranın daha praqmatik və ehtiyatlı siyasət yürütməsinə təsir göstərir.

"Əldə olunan razılaşma Vaşinqtonun Tehrana müəyyən manevr imkanları saxlaması və vəziyyətdən nisbətən yumşaq çıxış yolu təqdim etməsi kimi də dəyərləndirilə bilər. Bundan sonrakı mərhələdə ABŞ-nin İranın daxili və xarici siyasətində daha ciddi dəyişikliklərin baş verməsinə çalışacağı ehtimal edilir. Xüsusilə İranın regiondakı silahlı qruplara dəstəyi və proksi siyasəti ilə bağlı mövqeyinin dəyişdirilməsi istiqamətində təzyiqlərin artması mümkündür. Bu proses Yaxın Şərqdə yeni geosiyasi reallıqların formalaşmasına səbəb ola bilər. Razılaşmanın həyata keçirilməsi İranın gələcək davranışlarını məhdudlaşdıracaq və Tehran beynəlxalq münasibətlərdə daha ehtiyatlı mövqe tutmağa məcbur olacaq. Əgər İran əldə olunan razılaşmaların şərtlərindən kənara çıxmağa çalışarsa, ABŞ tərəfindən yeni təzyiq və ya sərt addımların atılması ehtimalı qalır. Bu səbəbdən İran rəhbərliyinin yaxın perspektivdə daha praqmatik və hesablanmış siyasət yürüdəcəyi gözlənilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az