- Siyasi müzakirə
- 21:21
- 2 844
““Böyük razılaşma” yalnız müəyyən şərtlər daxilində mümkündür” – Qədir Aslan
"Prezident Trampın bu açıqlaması qarşı tərəf tərəfindən təkzib olundu. Onlar blokadanın davam etdirilməsinin hava hücumları ilə eyni əhəmiyyət daşıdığını bildirərək qeyd etdilər ki, bu addımlar sadəcə vaxt qazanmaq və qəfil hücuma hazırlaşmaq məqsədi daşıyır. Əslində, İran tərəfinin bu mövqeyi müəyyən mənada reallığa uyğundur. Çünki koalisiya rəsmiləri, xüsusilə də İsrailin siyasi və hərbi rəhbərliyi dəfələrlə bəyan edib ki, proses hələ başa çatmayıb. Bu baxımdan, əsas diqqət Prezident Trampın deyil, daha çox İsrailin baş naziri və hərbi elitasının mövqeyinə yönəldilməlidir. Mənim qənaətimə görə, “böyük razılaşma” yalnız müəyyən şərtlər daxilində mümkündür. Tarix göstərir ki, İran kimi böyük dövlətlərdə kritik münaqişə mərhələsindən sonra rejim dayaqları zəifləyə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Qədir Aslan deyib.
Qeyd edək ki, Donald Tramp bildirib ki, ABŞ ilə İran arasında son dövrlərdə aparılan danışıqların “böyük razılaşma” ilə nəticələnəcəyi ehtimal olunur. Uzun müddətdir davam edən gərgin münasibətlər fonunda bu proses beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və mümkün razılaşmanın regionda sabitliyə necə təsir edəcəyi geniş şəkildə müzakirə edilir.
Siyasi şərhçi qeyd edib ki, bu proses daxildə mərkəzdənqaçma meyllərini gücləndirir, müxtəlif qruplaşmaların yaranmasına və nəticədə yeni güc mərkəzlərinin formalaşmasına səbəb olur.
"Belə bir şəraitdə hakimiyyət dəyişikliyi baş verərsə, yeni qüvvələrlə razılaşma əldə etmək daha real görünür. "Böyük razılaşma” anlayışı konkret məzmun daşımalıdır. Buraya İranın nüvə proqramı, rəsmi sənədlərdə İsrail və sionizmə qarşı münasibətin dəyişdirilməsi, regionda destruktiv hərbi-siyasi fəaliyyətlərin dayandırılması və ölkənin beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrilməsi kimi məsələlər daxildir. Bundan fərqli bir razılaşma yalnız 2015-ci il nüvə sazişinin təkrarı ola bilər ki, bu da əslində problemi həll etmir, sadəcə mövcud vəziyyətin davam etməsinə şərait yaradır. Prezident Trampın bəhs etdiyi “böyük saziş” də məhz bu məqamları əhatə etmədiyi halda, 2015-ci il razılaşmasından daha əhatəli sayıla bilməz. 2015-ci il sazişi əhəmiyyətli olsa da, sonrakı proseslər göstərdi ki, tərəflər arasında etimad və öhdəliklərin icrası ciddi problemlərlə üzləşdi. Üstəlik, son illərdə regionda və beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verib. Bu səbəbdən əvvəlki modelə qayıdış real görünmür. Yeni saziş yalnız dəyişmiş geosiyasi reallıqlar və beynəlxalq kontekst nəzərə alınaraq formalaşa bilər. Belə bir razılaşma isə ya İranın mövcud hakimiyyətinin ciddi güzəştlərə getməsi, ya da ölkə daxilində siyasi dəyişikliklərdən sonra yeni hakimiyyətin bu şərtləri qəbul etməsi ilə mümkündür. Bu halda sanksiyaların aradan qaldırılması, xarici investisiyaların cəlbi və texnoloji inkişaf İran üçün yeni imkanlar yarada bilər. Lakin hazırkı mərhələdə “böyük saziş”dən danışmaq hələ tezdir. İranın daxili və xarici siyasətində ciddi dəyişikliklər baş verərsə, ölkənin inkişaf perspektivləri də əhəmiyyətli dərəcədə sürətlənə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az