Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Nyu York meri Zöhran Məmdani ABŞ-da seçkilər prosesində kifayət qədər səs-küyə səbəb olan və ölkə miqyasından kənara çıxan sima idi. Onun Prezident Donald Trampla da münasibətlərinin bəlli bir transformasiyaya uğradığı da hər kəsə məlumdur. Lakin o şəxs yerli səviyyəli siyasətçidir və açıqlamaları daha çox daxili siyasi auditoriyaya yönəlmiş kimi dəyərləndirilir.

AzNews.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc Nyu York meri Zöhran Məmdaninin böhtan dolu açıqlamalarını şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, ABŞ-da seçicilərin palitrası və ya onun ümumilikdə strukturu, sosial və etnik-milli tərkibi həddindən artıq rəngarəngdir:

“Ona görə də diaspor qruplarına müraciətlər bəzən önəmli olur, seçicilər maliyyə amilinə müəyyən üstünlük verir. Həm də təəssüf ki, ABŞ-ın “1915-ci il hadisələr”i ilə bağlı Türkiyəyə qarşı ixtisaslaşan və Konqresə qədər uzanan açıq, hətta gizli yollarla lobbi mərkəzlərinin saxta soyqırım iddialarından faydalanan dairələr yetərincə çoxdur. Zənnimcə, Azərbaycana qarşı 907-ci düzəlişin hazırlanmasında aparıcı mövqe tutan Lantoslar ailəsi şəcərə üzrə eyni xətti davam ediblər. Hətta ABŞ-ın keçmiş Prezidenti Co Baydenin dövrünü də dərindən təhlil etdikdə fərqinə varacağıq ki, Lantosun övladları və ya onlarla əlaqəli şəxslər ixtisaslı qaydada ölkəmizə qarşı hücum edirdilər”.

Zahid Oruc bildirib ki, Zöhran Məmdaninin də indiki halda “soyqırım”, “Qarabağda etnik təmizləmə” və s. kimi yalanları səsləndirməsi Ermənistan hakimiyyətindən çox, Qərb bölgəsində uzun illər ixtisaslaşmış və Ermənistan-Azərbaycan düşmənçiliyindən qazanan dairələrin planıdır:

“11-12 aprelə tarixlərinə diqqət etsəniz, Parisdə Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfərinə güclü təsir etmək üçün dünya ermənilərinin 30-a yaxın ölkədən təmsilçilərinin böyük görüşləri və konfransları keçirildi. Çox maraqlıdır ki, bir-birinə qarşı dayanan Rusiya, ABŞ və Avropa ölkələrinin bir çox təmsilçiləri eyni çətir altında vahid bir məqsədlə birləşmişdilər. Dünənə qədər, xüsusilə də Ukrayna müharibəsi mövzusunda qarşı səngərdə duranlar ölkəmiz əleyhinə vahid cəbhədə yer almışdılar. Hətta daşnakçılar orada xüsusi canfəşanlıq edirdilər və onların iddiaları ilə Məmdaninin hazırki açıqlamaları sözbəsöz üst-üstə düşür.

Bəs biz niyə bunu Ermənistan hakimiyyətinin özünün indiki dövr platformasına, söz gündəliyinə, seçkilərlə bağlı apardığı xəttə zərbə sayırıq? Çünki burada düşmənçilik qabardılırdı, müharibəyə çağırışlar vardı və digər məsələlər müzakirə olunurdu. Nəticə etibarı ilə Ermənistanda həmin bayraq yandıranlarla bu yalan açıqlamalar bir xətdədir.

Ermənistanın Baş naziri Nikol Paşinyan da bilir ki, bu proseslər onları vaxtilə imperiyaların ayağı altında qalan və məqsədlər üçün silaha çevirilən bir millət durumuna qaytarmaq deməkdir. Ancaq bunun bədəlini də çox ağır formada ödəyiblər.

Fikrimcə, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzaladıqdan sonra həqiqi düşmənləri daha açıq şəkildə görmək imkanımız olacaq. Çünki bir qisim dairələr Ermənistanın olmadığı platformalarda bizə hücumlar edirlər. Hətta onu da qeyd edim ki, Ermənistan hakimiyyəti faktiki olaraq bizimlə eyni cinahda dayanıb. Onlara etirazlar göndərirlər və bunun Ermənistana fayda vermədiyini bildirirlər. Aydındır ki, bu kimi addımlar Paşinyanın seçki platformasına vurulmuş ən böyük zərbədir və Ermənistan hakimiyyətində mülki Müqavilə Partiyasının təmsilçilərinin bir qismi anlayır ki, Məmdaniyə etiraz etmək elə onların da xeyrinədir.

Qısaca, hesab edirəm ki, sülh gündəliyinin inkişaf etməsi, 8 avqust 2025-ci il sazişləri və sülh müqaviləsinin paraflanması real ümidlər verir ki, bunlar Ermənistanda çoxluq tərəfindən qəbul edilir.

Hər nə qədər ortada müəyyən yerlərdən yardım alan qüvvələr hərəkətə gəlmiş olsa da, əsas strateji xətt Vətən müharibəsinin nəticələrinin üzərindədir. Onu təftiş etmək və geriyə çevirib, müqavilənin üzərindən xətt çəkmək nə Köçəryanın, nə üçbaşlı müharibə partiyası təmsilçilərinin, nə də digərlərinin gücü çatacağı məsələdir.

Vurğulayım ki, Donald Tramp özü 24 apreldə tərəfləri savaşa itələyən mövqeni seçmədi. ABŞ bu hadisəni soyqırım kimi tanısa da, Tramp “soyqırım” yox, “Mets Yeqern” (Böyük Faciə) ifadəsindən istifadə etdi.

Ona görə də ABŞ daxilində federal səviyyəli qüvvələr öz mandatlarını aşan bir prosesə münasibət bildirdikdə natamam mövqe daşıyıcısına çevirilirlər. Məncə, Məmdani fərqindədir ki, ətrafında olan qruplar onun üzərindən siyasi oyun qurublar. Ancaq o, bir dəfə bölgəyə səfər etsə, regionun reallıqları ilə tanış olsa, insanlığı ilə mövqeyi sınağa çəkilər. Anlayar ki, Nyu Yorkda əyləşib, saxta tarixlə bağlı fikirləri yaymaq yox, bir kəndin bərpasına yardım göstərmək lazımdır”.