​“Ermənistan hakimiyyəti reytinq xatirinə radikal qruplara müdaxilə etmir” – Həşim Səhrablı

"Türkiyədə Azərbaycan bayraqlarının İrəvanda bu şəkildə yandırılması və belə bir zamanda yandırılması təbii ki onların xislətinin yenidən təzahürüdür, göstəricisidir. Çünki biz hər dəfə bunu deyirik, heç bir sülh prosesi və ya sülhün əldə olunması özü belə ermənilərin xislətini asan-asan dəyişməyəcək. Ola bilər zamanla, bir əsr sonra, bəlkə də iki əsr sonra bugünkü qanlı və şovinist yaddaşlar unudular, amma sülhün əldə olunması belə onların damarlarına işləmiş, müxtəlif xarici təsirlərlə formalaşmış xəstə təfəkkürün tamamilə aradan qalxdığı anlamına gəlmir. Hələ ki bu düşüncə erməni cəmiyyətində öz aktuallığını qoruyur. Bu, radikal, irqçi və faşist meyllərin mövcudluğunu göstərir və biz tarixdə bunun işğal və soyqırımlarla nəticələndiyini görmüşük. Bu gün də həmin təhlükənin izləri qalmaqdadır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması regionda davam edən sülh gündəminə kölgə salan hadisə kimi qiymətləndirilir və bu, ictimai rəydə geniş rezonans doğurub. Mütəxəssislər bildirirlər ki, belə insidentlər təkcə spontan etiraz aktı kimi deyil, həm də siyasi mesaj daşıyan davranışlar kimi dəyərləndirilə bilər. Bu baxımdan hadisənin zamanlaması və fonu onun ətrafında müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olur. Bəzi ekspertlərin fikrincə, Ermənistanda hələ də radikal və keçmiş münaqişə ritorikasını saxlayan qrupların mövcudluğu bu cür gərginlik yaradan addımların ortaya çıxmasına şərait yaradır. Bu amil isə regionda normallaşma prosesinə təsir edən əlavə risk faktorlarından biri kimi göstərilir.

Siyasi şərhçi qeyd edib ki, bu gün təhlükə əvvəlki kimi deyil, çünki Azərbaycan Ordusu illər əvvəl həmin təhlükəni aradan qaldıraraq vəziyyəti dəyişib.

"Amma bu o demək deyil ki, həmin düşüncə tamamilə yox olub. Bu cür yanaşmaların tamamilə aradan qaldırılması istiqamətində işlər davam etməlidir. Bundan sonra da güc və qətiyyət yalnız ermənilərə deyil, Azərbaycana qarşı radikal mövqe sərgiləyən bütün qüvvələrə qarşı daim nümayiş etdirilməlidir ki, xalqımız yenidən eyni acıları yaşamasın və dövlət təhlükə ilə üz-üzə qalmasın. Polis və təhlükəsizlik qüvvələrinin hadisəyə müdaxilə etməməsi məsələsi isə Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlıdır. Hazırkı hakimiyyət anlayır ki, radikal qruplara sərt müdaxilə onların siyasi reytinqinə təsir göstərə bilər və onları “məsum” obrazında təqdim edə bilər. Bu da cəmiyyət daxilində əlavə gərginlik yarada bilər. Bayraqların yandırıldığı aksiya da revanşist və şovinist qüvvələrin təşkil etdiyi tədbirdə baş verib. Ona görə də hüquq-mühafizə orqanlarının ehtiyatlı davranması ehtimal olunur. Ermənistan daxilində müxalifət hakimiyyəti “Türk agenti” kimi təqdim etməyə çalışır və hər fürsətdə bundan istifadə edir. Belə bir şəraitdə sərt müdaxilə siyasi gərginliyi daha da artıra bilər. Amma unudulmamalıdır ki, Ermənistan daxilində hansı hakimiyyətin olması bizim üçün əsaslı fərq yaratmır. Onların siyasi düşüncəsində hələ də müəyyən ideoloji xətt qalmaqdadır və bu reallıq bölgədəki vəziyyətə təsir edir. Bu kimi hadisələrin sülh prosesinə mənfi təsiri var və qarşısı alınmalıdır. Əgər bu cür hallar təkrarlanarsa, artıq səmimi niyyətlərdən danışmaq çətinləşir. Lakin bir neçə şəxsin radikal davranışı bütövlükdə dövlət siyasətini dəyişəcək gücdə deyil. Məsələ həm rəsmi kanallar, həm də diplomatik müstəvidə müzakirə olunacaq və sülh prosesi davam etdiriləcək. Əks halda, bu cür təxribatlar davam edərsə, Azərbaycan və Türkiyə də öz maraqlarını qorumaq üçün daha sərt addımlar atmaq imkanına malikdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az