“Təhsil sistemi şagirdi daim nəticə verməli olan subyektə çevirib” – Günay Əkbərova

"Bu məsələyə tək bir səbəblə izah vermək, açığı, reallığı tam əks etdirməz. Çünki bu gün şagirdin psixoloji vəziyyəti bir neçə amilin kəsişdiyi nöqtədə formalaşır və biz bunu bütöv bir sistem kimi görməliyik. Əvvəla, təhsil yükü məsələsi var. Son illərdə proqramların sıxlığı, qiymətləndirmə meyarlarının artması, imtahan yönümlü yanaşmanın güclənməsi şagirdi sadəcə öyrənən yox, daim “nəticə verməli olan” bir subyektə çevirib. Uşaq artıq səhv etməkdən qorxur, halbuki öyrənmə məhz səhvdən keçir. Dünya təcrübəsində – məsələn, Finlandiya, Estoniya kimi ölkələrdə – akademik nəticə ilə yanaşı, şagirdin rifahı əsas prioritetlərdən biridir İkinci çox həssas məsələ ailə mühitidir. Bəzən valideynlər fərqinə varmadan uşağa əlavə təzyiq yaradır: yüksək gözləntilər, müqayisələr, “filankəsin övladı belədir” yanaşması. Halbuki uşaq üçün ən böyük psixoloji dayaq evi olmalıdır, əlavə stress mənbəyi yox. Mən bir valideyn olaraq da bunu çox açıq hiss edirəm: uşaq ilk növbədə anlaşılmaq istəyir, qiymətləndirilmək yox. Üçüncü faktor isə sosial mühit və xüsusilə sosial şəbəkələrdir. Bu gün yeniyetmə təkcə sinifdəki rəqabətlə yox, eyni zamanda virtual dünyadakı “mükəmməllik illüziyası” ilə də mübarizə aparır. Bu isə özünə inamı zədələyir, müqayisə hissini artırır və psixoloji gərginliyi dərinləşdirir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.

Qeyd edək ki, son illərdə təhsil sistemi ilə bağlı müzakirələr təkcə akademik göstəricilərlə məhdudlaşmır. Məktəblərdə tədris keyfiyyəti ilə yanaşı, şagirdlərin psixoloji vəziyyəti də getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Artan dərs yükü, imtahan təzyiqi, sosial şəbəkələrin təsiri və yeniyetmə yaş dövrünün özünəməxsus çətinlikləri şagirdlər arasında müxtəlif psixoloji problemlərin yaranmasına zəmin yaradır. Mütəxəssislər bildirirlər ki, bu gün bir çox şagird yalnız akademik nəticə üçün deyil, həm də emosional sabitlik baxımından dəstəyə ehtiyac duyur.

Günay Əkbərova qeyd edib ki, qısaca desək, problem nə yalnız məktəbdə, nə də yalnız ailədədir.

"Bu, ortaq məsuliyyətdir. İctimai Şura üzvü olaraq isə hesab edirəm ki, bu istiqamətdə yanaşma daha çox sistemli və preventiv olmalıdır. Bir neçə konkret istiqamət çox vacibdir: İlk olaraq, məktəblərdə psixoloji xidmətlər formal yox, real işlək mexanizmə çevrilməlidir. Psixoloq sadəcə sənəd üzərində yox, şagirdin həyatında görünən bir dəstək olmalıdır. Bunun üçün həm kadrların hazırlanması, həm də onların iş yükünün düzgün tənzimlənməsi vacibdir. İkinci olaraq, müəllimlərin hazırlığında sosial-emosional öyrənmə (SEL) komponenti gücləndirilməlidir. Müəllim yalnız fənni öyrədən deyil, eyni zamanda sinifdə psixoloji mühiti quran əsas fiqurdur. Bir müəllimin yanaşması bəzən bir uşağın taleyini dəyişə bilir. Valideyn maarifləndirilməsi çox önəmlidir. Açıq desək, bəzən biz uşaqları yox, valideynləri “təlimləndirməliyik”. Bunun üçün məktəb-valideyn əməkdaşlığı daha sistemli qurulmalı, seminarlar, görüşlər formal yox, real təsir yaradan platformalara çevrilməlidir. Bir istiqamət də qiymətləndirmə yanaşmasına yenidən baxmaqdır. Daha çox inkişafyönümlü, şagirdi müqayisə yox, öz inkişaf trayektoriyası ilə ölçən modellərə keçid vacibdir. Bu, həm təzyiqi azaldar, həm də motivasiyanı daha sağlam əsasda qurur. Və nəhayət, cəmiyyət olaraq bir şeyi qəbul etməliyik: uğur təkcə bal və ya sertifikat deyil. Sağlam, özünə güvənən, sosial bacarıqları formalaşmış bir gənc yetişdirmək ən böyük nəticədir. Mən bunu həm müəllim, həm valideyn, həm də bir vətəndaş kimi deyirəm: əgər biz bu gün uşağın psixoloji rifahını qorumasq, sabah ən yüksək akademik nəticə belə bizi xilas etməyəcək. Təhsil yalnız bilik vermək deyil, insan yetişdirməkdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az