Qələbədən sonra yeni savaş: İrəvana nə ixrac edəcəyik? - VİDEO ŞƏRH

Ermənistan Silahlı Qüvvələri 5 döyüş postunu Azərbaycana təhvil verib.

Azərbaycan mediasının yaydığı xəbərə görə, proses Qazax rayonunun Bağanıs Ayrım kəndi istiqamətində baş tutub.

İrəvan bu addımı 2024-cü ilin aprel-may aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi çərçivəsində əldə olunmuş razılaşmalara əsasən atıb.

Söyləməyə ehtiyac yoxdur ki, bütün bunlar Azərbaycanın Vətən müharibəsi zamanı qazandığı tarixi Qələbənin nəticəsidir.

Qələbəmizin nəticələrindən biri də budur ki, Azərbaycan və Ermənistan arasında iqtisadi inteqrasiyanın ilk addımları atılır.
Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Bu fakt Dövlət Gömrük Komitəsinin hesabatlarında öz əksini tapıb.
Cari ilin 3 ayında isə Azərbaycandan Ermənistana 5,7 milyon dollar civarında məhsul ixrac olunub.

Bilirsiniz ki, Azərbaycan xarici siyasətinin hazırda əsas prioritetləri sırasında Zəngəzur dəhlizinin açılması və Ermənistanla sülh müqaviləsinin imzalanması xüsusi yer tutur.

Mən hər iki istiqamətdə nikbinəm. İnanıram ki, həm dəhliz açılacaq, həm də Ermənistan öz konstitusiyasını dəyişərək Azərbaycanla Sülh Müqaviləsi imzalayacaq.

Hadisələrin məhz bu yöndə cərəyan etməsi Azərbaycanın liderliyi ilə Cənubi Qafqazda davamlı sülh reallığının formalaşması deməkdir.

Bu, həm də o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında ticarət dövriyyəsinin həcmi indiki kimi cüzi rəqəmlərdən ibarət olmayacaq.

Ermənistandan Azərbaycana şərab və müəyyən kənd təsərrüfatı məhsulları ixrac oluna bilər. Azərbaycan sərmayəsinin Ermənistanda maliyyə, otel və iri iaşə obyektlərinə, yanacaq təchizatına, nəqliyyat və tikinti sektoruna yatırılması da gözləniləndir. Lakin bir sual da var: sabah münasibətlər tam qaydaya düşəndə orta azərbaycanlı iş adamı Ermənistana nə satacaq?

Açığı bu sualı ona görə verirəm ki, diqqəti yerli sahibkarlıq mühitimizdəki əsas problemlərə çəkim. Xahiş edirəm, mövqeyimi doğru başa düşəsiniz. Mən heç bir sahədə Ermənistanın Azərbaycandan qabaqda olduğunu iddia etmirəm, əksinə, bu ehtimalı tamamən rədd edirəm. Lakin düşüncəmə görə, Azərbaycan malları nəinki Ermənistanın, Gürcüstanın və digər qonşu ölkələrin, hətta Avropanın bazarlarını da gec-tez yeni qiymətlərə məruz qoymalıdır.
Ermənistan bazarı kiçik və kasıb görünə bilər, amma boş deyil. Nəzərə alaq ki, sülh perspektivində Türkiyə də öz məhsullarını İravana təqdim edəcək. Heç də “fürsətlər ölkəsi” olmasa belə, Ermənistan bazarında Azərbaycan məhsulları İran və Çinin ucuz malları ilə üz-üzə qalmağa, Rusiya və Türkiyə sənayesi ilə rəqabətə hazırdırmı?

Mənim kimi, iqtisadçı olmayanlar da bilir ki, rəqabətə davamlı biznes:
• Bazar açılmamışdan əvvəl hazır olmalı,
• Brendlər formalaşdırılmalı,
• Uzunmüddətli planlar qurmalıdır.
Bax, bu barədə düşünəndə sualın məzmunu tamam dəyişir. Əsl sual bu olur ki, Azərbaycan iqtisadiyyatı, ümumiyyətlə, rəqabətədavamlı məhsullar istehsal edə bilirmi?
Bu kontekstdə balıqçılıq sektoru çox maraqlı nümunədir.
Azərbaycanda balıqçılığın inkişafına dövlət səviyyəsində xüsusi önəm verilir və mən bunu mən birmənalı olaraq təqdir edirəm.
Xəzər kimi nəhəng sərvətimiz var və ölkəmizdə balıq ovu əsasən dənizdə aparılır. Lakin problem ondadır ki, emal və brendləşmə zəifdir, ixrac potensialı tam istifadə olunmur, sektor daha çox daxili istehlaka işləyir, lakin bazar kəskin idxala da ehtiyac duyur.
Ermənistanda da bu sahə diqqət mərkəzindədir. 2024-cü ildə orada təxminən 27 min ton balıq və balıq məhsulları istehsal olunub. İstehsal olunan məhsullarının həcmi 144 milyon dollar təşkil edib.
Rəqəmlər böyük deyil, Azərbaycandakı müvafiq sektordan da, əslində, geri qalır. Amma sual başqadır: bu qədər resurslarımız, investisiya imkanlarımız və coğrafi üstünlüklərimiz olduğu halda, sabah Ermənistandan balıq idxal etməyimiz nə dərəcədə məntiqli olar?
Deməli, problem resurs çatışmazlığı deyil. Az öncə işarə etdiyim kimi, ölkəmizdə balıqçılığın inkişafı üçün xüsusi dövlət proqramı qəbul edilib, ayrıca qurum yaradılıb, yeni istiqamətlər müəyyən olunub. Bütün bunlar gözəldir, əladır, amma yetərli deyil.
Çünki bizim mövcud inzibati və bürokratik sistemimiz xeyli dərəcədə sovet ənənələrinə “sadiq qaldığından” ölkəmizdə iqtisadi təşəbbüskarlığın önü açıq deyil. Sadə dildə desək, vətəndaşlarımız pul qazanmağın yolunu bilir, amma məmur təzyiqi sərbəst bazar formalaşmasına imkan vermir.
Bu cür təzyiqləri aradan qaldırmaq üçün isə ölkəmiz konstitusiya islahatlarına getməli, yeni inzibati model qurulmalı, ən əsası, ədalətli məhkəmə hakimiyyəti inşa edilməlidir. Bütün bunların nəticəsində istənilən azərbaycanlı iqtisadi baxımdan istənilən ermənidən də, digər post-sovet ölkələrinin insanlarından da daha müstəqil olacaq. Vətəndaşı iqtisadi baxımdan daha müstəqil olan ölkə kimi isə Azərbaycanın Cənubi Qafqazda yaratdığı cazibə erməni revanşizminin kökünü qazacaq.

Taleh ŞAHSUVARLI