İranı "buket dövlət"ə çevirirlər - Qədir Aslan təhlil edir

Beynəlxalq münasibətlər daim müəyyən alqoritmlər və spesifik cəhətlərlə, həmçinin patternlərlə müşayiət olunur. Çoxtərəfli münasibətlər nisbətən qəliz və mürəkkəb mahiyyətə malik olsa da, ikitərəfli dövlət münasibətləri onunla müqayisədə proqnozlaşdırıla bilən və sadədir.

Bu məzmun ABŞ-İran münasibətlərinə də aid edilə bilər.

ABŞ 1979-cu ildə İranı tərk etdikdən sonra onunla olan bütün münasibətləri, ona yönəlik baxış prizması ya üçüncü tərəf üzərindən, (İsrail dövlət adamlarının və xüsusi xidmət orqanlarının, Rusiya tərəfinin xidmətindən istifadə etmək moderator olaraq ) ya da bir qədər sonrakı dövrdə ərsəyə gəlmiş baxış və münasibətlər sistemində özünü əks etdirir.

Oğul Buşun prezidentliyi dönəmində “Şeytan Oxu” barəsində etdiyi çıxışda həmin bu üçbucağa İranı da aid etməsi, ardınca da 2006-cı ildə məlum müharibə həddinə çatmış gərginlik növbəti onilliklərin konstruksiyasını müəyyənləşdirmiş oldu. Baxmayaraq ki, ABŞ İrandakı Molla–SEPAH rejiminin xidmətlərindən öz regional məqsədləri üçün dəfələrlə istifadə etmişdi. 2001-Əfqanıstan intervensiyası, 2003-İraq intervensiyası,Suriya və Livan praktikasını yada salaq.

Amma molla rejimi nə qədər xidmət göstərsə də, amerikan isteblişmentinin gözündə legitimlik qazana bilməmişdi. Bütün dövrlərdə Amerikanın müxtəlif hesabatlarında molla rejimi və onun ordusu terrorist və ekstremist adlandırılıb. İran terrorist dövlət və terrorizmə sponsorluq edənlər kateqoriyasından çıxarılmayıb.

Hər iki dövlətin qərarverici kəsimi, xarici siyasət funksionerləri, həmçinin təhlükəsizlik və xüsusi xidmət orqanları mənsubları ikitərəfli münasibətlərin kalsifikasiya (sümükləşmə, qeyri-elastik) olunması üçün gərəkən bütün addımları atıblar.

Nəhayət ərəb dünyasının, Çinin, Rusiyanın və Avropanın, həmçinin Cənubi Qafqazın gözlədiyi X günü gəlib çatdı. ABŞ İsraillə koalisiya tərkibində İrana hərb tarixində ənənəvi olmayan intervensiya həyata keçirtdi.

Hazırda müşahidə olunan bir neçə məqam var.

Birinci məqam ondan ibarətdir ki, ABŞ əvvəlki intervensiyalar zamanı buraxılan səhvləri və nəzərə alınmayan fors-major halları bu dəfə detallı şəkildə yeniləyib, aradan qaldırıb, təkmilləşdirib. Venesuela praktikası bu prosesin bir qaranquşu rolunu oynayırdı. Görünən odur ki, koalisiya qüvvələri bu səfər demontaj prosesini cərrahi neştərlə həyata keçirirlər. Əvvəllər olduğu kimi bolşevikvari yanaşma yoxdur- "hər şeyi dağıdaq, sonra özümüz qurarıq" yanaşması əsas götürülmür. Yalnız bir savaş alətindən istifadə olunmaqla (hava hücum qüvvələri) bir sıra qarşıya qoyulmuş hədəflər, tapşırıqları həyata keçirirlər.

Nəticədə İranın mövcud rejimi tək vahid halında deyil, müxtəlif komponentlər üzrə demontaj olunur.

Baxaq görək bunlar hansılardır?

1. Koalisiyanın seçkili orqanlara və liderlərə münasibəti;
2. İranın konvensional ordusuna münasibəti;
3. İran xalqına münasibəti;
4.Dini klerikal kəsimə münasibəti;
5. Həmin klerikalların inqilabının permanent hala gətirməkdə keşikçi rolunu oynayan SEPAH və BƏSİCə münasibəti;
6. İranın ticari və iqtisadi ,enerji potensialına münasibəti;

Müşahidə etdiyimiz digər cəhət odur ki, İranı beynəlxalq sulara çıxışdan məhrum etmək və onu materik dövlətinə çevirmək yolu ilə "buket dövlət" halına gətirirlər. Bir neçə istiqamətdə ucqar əyalətlərdə, xüsusilə beynəlxalq ticarət yollarına və sulara yaxın olan əyalətlərdə demilitarizasiya həyata keçirmək planı üzə çıxıb. Bunu Kayzer Almaniyasının süqutundan sonra Reyn vilayətində təcrübəsini görmüşük. Yadınızdadırsa, həmin istiqamətdə daş-kömür hövzələri yerləşirdi.

Bildiyimiz kimi, Türkiyə birinci dünya müharibəsindən məğlub çıxdıqdan sonra və 1936- cı il Montrö sazişinə görə boğazlara və sahilkənarı adalara olan suverenliyini itirmiş oldu. Uzun müddət məhdudlaşdırılmış suverenliklə yaşamaq məcburiyyətində qaldı. Bu modelin İran üçün də tətbiq edilməsi ehtimal olunan versiyadır. Müharibənin sonunda İranla da eyni sazişləri bağlamaq mümkün görünür.

Savaşda müşahidə olunan digər cəhət kontrol edilən böhrandır. Bu məqamı koalisiya qüvvələri regional müttəfiqlərinə və gələcəkdə nəzərdə tutulan regional-beynəlxalq meqalayihələrə görə prioritet hesab edirlər. Çünki Arazın şimalındakı potensial yaşıl zona maksimum dərəcədə fəlakətlərdən və təbəddülatlardan qorunur.

Bu səbəbdən də savaş zamanı xalqların kütləvi köçü hadisəsi istisnadır.

Müqayisə üçün deyək ki, 2006-cı ildə pik həddə çatan gərginlik zamanı İran əhalisi kütləvi şəkildə Bakıda özlərinə mənzil və əmlaklar alırdı, müvəqqəti yaşayış izni üçün miqrasiya xidmətinə müraciət edirdi. Amma bu dəfə belə bir hal müşahidə olunmur.

Bu da ondan irəli gəlir ki, İran əhalisi rasional şəkildə koalisiya qüvvələrinin xalqa ziyan verməyəcəyi düşüncəsindədir və onları müttəfiq orduları kimi qəbul edirlər. İctimai şüurda koalisiya qüvvələrinin hesab-kitabının xalqla deyil, yalnız repressiv rejimlə olması qənaəti hakimdir.

Bunu koalisiya qüvvələrinin uğuru hesab etmək olar.

Daha bir kontrol edilən istiqamət isə İranın enerji infrastrukturunun və enerji potensialının sıradan çıxarılmamasıdır. Müqayisə üçün İraq təcrübəsinə baxmaq kifayətdir.

Qədir ASLAN,

Xüsusi olaraq AzNews.az analitik-informasiya portalı üçün