- Qərb
- 14:37
- 953
Macarıstanın yeni XİN başçısı: “Veto artıq siyasi şantaj aləti olmayacaq”
Macarıstanın yeni xarici işlər naziri Anita Orban ölkəsinin artıq Avropa İttifaqında veto hüququndan siyasi təzyiq vasitəsi kimi istifadə etməyəcəyini açıqlayıb.
Bu barədə o, parlament dinləmələri zamanı danışıb.
Anita Orban bildirib ki, Budapeşt bundan sonra Avropa İttifaqı və NATO tərəfdaşlarının etimadını bərpa etməyə çalışacaq.
“Macarıstan Avropada qərarların qəbulunda çox vaxt problem yaradan tərəf olub. Biz vetodan son vasitə kimi deyil, siyasi teatr üçün istifadə etmişik”, — deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Baş nazir Peter Madjarın əsas prioritetlərindən biri Avropa İttifaqının dondurduğu on milyardlarla avro maliyyəyə çıxışı bərpa etməkdir. Həmin vəsaitlər əvvəlki hökumət dövründə hüququn aliliyi ilə bağlı narahatlıqlara görə dayandırılmışdı.
O əlavə edib ki, Macarıstan Ukraynanın Avropa İttifaqına daha sıx inteqrasiyasını yalnız “sərt milli maraqlar” çərçivəsində dəstəkləyəcək. Bununla yanaşı, yeni hökumət Ukraynadakı macar azlığının hüquqlarının genişləndirilməsi siyasətini davam etdirəcək.
Xatırladaq ki, Peter Madjarın rəhbərlik etdiyi Tisa Partiyası apreldə keçirilən parlament seçkilərində qalib gəlib və mayın 9-da o, rəsmi olaraq baş nazir vəzifəsinə başlayıb.