​“Ermənistandakı gərginlik sadəcə daxili siyasi rəqabət deyil” – Şəhla Cəlilzadə

"Ermənistanda seçkiöncəsi gərginlik sadəcə daxili siyasi rəqabət deyil, daha geniş kontekstdə dəyərləndirilməlidir. Çünki burada bir tərəfdən Ermənistanın ənənəvi müttəfiqi olan Rusiyadan müəyyən dərəcədə uzaqlaşması və Qərbə yaxınlaşması, o cümlədən Qərblə dərin strateji bağlar qurması rol oynayır. Paşinyan hakimiyyəti 2025-ci ilin əvvəlində, Baydenin hakimiyyətdən getməsinə bir neçə gün qalmış ABŞ ilə strateji tərəfdaşlıq xartiyası imzaladı. 2025-ci il ərzində Avropa ilə strateji sənədlər, o cümlədən Aİ ilə Strateji gündəlik qəbul olundu, Almaniya ilə strateji tərəfdaşlıq sazişi imzalandı. May ayının 4–5-də Fransa ilə də bənzər saziş imzalanacaq. İmzalama mərasimi Avropa Siyasi Birliyinin Ermənistandakı qarşıdan gələn görüşü çərçivəsində baş tutacaq".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Ermənistanda 7 iyun parlament seçkiləri öncəsi gərginlik artıb. Baş nazir Nikol Paşinyan “Güclü Ermənistan” Partiyasına rəhbərlik edən rusiyalı oliqarx Samvel Karapetyanın tərəfdarlarının seçicilərə rüşvət verməsi ilə bağlı iddialara münasibət bildirib və bu cür üsulların artıq Ermənistanda nəticə vermədiyini deyib. Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi isə partiyanın 14 üzvünün seçki rüşvəti vermək və almaqda şübhəli bilinərək saxlanıldığını açıqlayıb. Müxalifət həbsləri siyasi motivli sayır.

Siyasi şərhçinin fikrincə, məhz seçkilərdən bir ay əvvəl belə bir sazişin imzalanması erməni cəmiyyətinə ünvanlanmış mesaj kimi qiymətləndirilə bilər.

"Qərb hər vəchlə Paşinyanı dəstəkləyərək seçkilərə xarici, yəni Rusiyadan müdaxilənin qarşısını almağa çalışır. Bu səbəblə Rusiyanın adamları, həm ənənəvi “Qarabağ klanı” nümayəndələri və onların seçkilərdəki təmsilçisi — Koçaryan, həm də yeni siyasi fiqur — Karapetyan ilə bağlı ciddi korrupsiya və cinayət halları aşkara çıxarılır və geniş ictimaiyyətə təqdim olunur. Bu yaxınlarda Qərbin “araşdırmaçı jurnalistlər” şəbəkəsi OC Media Karapetyanın seçki saxtakarlığı etdiyini və səslərin satın alınması mexanizmi yaratdığını üzə çıxarmışdı. Təbii ki, bütün bunlar Paşinyanın mövqeyinin daha da güclənməsinə xidmət edən məqamlardır. Başqa sözlə, Rusiya seçkilərə “yumşaq-gizli” müdaxilə üçün qeyri-qanuni yollara, yaxud legitimliyini itirmiş, keçmişin qalığı hesab olunan fiqurlara istinad etməyə davam edərkən, Qərb bütün bunların ifşasına və Paşinyanın 2021-ci ildə, müharibədən dərhal sonra bir daha legitimləşdirdiyi hakimiyyətini qorumağa çalışır".

Rəfiqə Namazəliyeva,

AzNews.az