Pezeşkianı masadan kimlər kənarlaşdırır? - VİDEO ŞƏRH

İndi verəcəyim xəbər dünən və bu gün çoxlarının diqqətindən qaçıb.
“Çoxları” deyəndə mən internet kanallarında efirə çıxan şərhçiləri nəzərdə tuturam. Halbuki bu vacib informasiyaya həm diqqətlə yanaşmaq, həm də onun təfsilatını aydınlaşdırmaq lazımdır.
Dünən Vaşinqton mediası xəbər yaydı ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunacağı təqdirdə İslamabada səfər edə bilər.
Ağ Ev rəhbəri jurnalistlərlə eynilə belə dedi: “Əgər razılaşma İslamabadda əldə olunarsa, ora gedə bilərəm”.
ABŞ lideri əlavə edib ki, əgər atəşkəs müddəti bitənədək razılaşma əldə olunmasa, döyüşlər yenidən başlaya bilər.
Onun sözlərinə görə, danışıqlar prosesi hazırda müsbət istiqamətdə gedir və razılaşma əldə oluna bilər.
İndi fərz edək ki, danışıqlar həqiqətən də müsbət mənada irəlilədi, sülh sazişinin mətni də razılaşdırıldı, qaldı onu imzalamaq.
Bunun üçün Tramp okeanın o tayından varıb Pakistanın paytaxtına gəlməyə hazırdır.
Trampın prizmasından məsələ bəllidir: O, İslamabaddan Vaşinqtona İranı məğlub edən və 47 illik düşmənə təslim aktı imzalatdıran sərkərdə kimi dönmək istəyir.
Bəs, qarşı tərəfdən İslamabada kim gələcək və həmin sənədi kim imzalayacaq?
Əgər ABŞ-nin birinci şəxsi İslamabada gələcəksə, deməli, qarşı tərəfdən də Pakistana İranın birinci şəxsi, yəni atasının öldürülməsindən sonra ali lider elan olunmuş Müctəba Xəmneyi təşrif buyurmalıdır.
Bu günə qədər Müctəba Xəmneyinin sağlıq vəziyyəti barədə dəqiq məlumat yoxdur. Onun İranda olub-olmaması da müəmmalıdır. Lakin bir anlıq Tehrandakı rəsmilərin pozitiv açıqlamalarına inanaq. Hesab edək ki, Xəmneyinin vəziyyəti lap yaxşıdır və onun xarici səfərə getməsi üçün hər hansı sağlıq maneəsi yoxdur.
İran konstitusiyasının 110-cu maddəsinə görə, müharibə və sülh elan edilməsi, silahlı qüvvələrin səfərbər olunması ali liderin səlahiyyətlərinə aiddir. İranda qərar qəbul etmə mexanizminin mürəkkəbliyini, o cümlədən ABŞ-nin şərtlərini qəbul etməklə 10 illər ərzində aparılan rəsmi təbliğatın iflasa uğrayacağını nəzərə alanda, İran elitasında hər kəs imzanın ali liderə məxsus olmasını arzulayar. Lakin o da var ki, SEPAH xaric Tehranda heç bir qüvvənin İran liderini İslamabada getməyə inandırmağa və ya məcbur etməyə gücü yoxdur.
Tramp İslamabada gəlmədiyi təqdirdə, ABŞ-nin digər səlahiyyətli şəxsləri ilə, məsələn, Venslə birgə parlamentin rəhbəri Qalibaf da sənədə imza ata bilər.
Yaxud ABŞ lideri ilə eyni masaya İranın prezidenti Məsud Pezeşkian da “ali liderin məsləhəti və tapşırığı əsasında”, o cümlədən Təhlükəsizlik Şurasının razılığını aldığını xüsusi vurğulayaraq əyləşə bilər.
İran Konstitusiyasının 125-ci maddəsi də buna imkan verir. Sözügedən maddədə deyilir ki, Prezident və ya onun qanuni nümayəndəsi, İslam Şurası Məclisinin təsdiqini aldıqdan sonra İran hökumətinin digər hökumətlərlə bağladığı müqavilələri, protokolları, müqavilələri və sazişləri, eləcə də beynəlxalq təşkilatlara aid sazişləri imzalamaq səlahiyyətinə malikdir. Lakin SEPAH onun İslamabada getməsini və ABŞ ilə kontakt qurmasını istəmir. Ağ evin dəstəyini almış türk mənşəli Pezeşkianın prosesi fərqli səmtə aparacağını güman edirlər.
Əlqərəz, sözümün canı beynəlxalq müqavilə hesab olunacaq bir sənədi texniki olaraq kimin imzalaması barədə deyil. Bu müqavilə atəşkəs razılaşmasında olduğu kimi, Tehran tərəfindən qələbə kimi təqdim oluna, BƏSİC üzvləri “əhali” qismində şadyanalıq etmək üçün küçələrə çıxarıla bilər.
Əsas problem başqadır: ABŞ ilə imzalanan təslimiyyət müqaviləsi İranın daxili qüvvələr nisbətinə necə təsir göstərəcək?
Üzdə nə deyilməsindən asılı olmayaraq, hakimiyyət dəhlizlərində iki xətt ortaya çıxacaq. Bir qism hesab edəcək ki, baş verənlər reallıq qarşısında məcburiyyətdir.
Lakin bu reallıq necə yarandı sualına da cavab axtarılacaq və nəticədə klerikal sistem, o cümlədən dini liderin statusu sorğulanacaq. Daxili ittihamların küçələrə də yayılması və sosial-iqtisadi narazılıqlarla birləşməsi İranda yeni üsyan dalğasının başlanması deməkdir. Bu prosesdən isə ABŞ-nin açıq və ya gizli dəstəyinə malik olanlar qalib çıxacaq.
Beləliklə, ABŞ və Donald Tramp indi İran elitasında heç də hamı üçün düşmən deyil, bəziləri üçün hətta müttəfiq və ya himayədardır.
Bu isə o deməkdir ki, qarşıdurma artıq yalnız Amerika Birləşmiş Ştatları ilə İran arasında getmir. Mübarizə sürətlə İranın daxilinə transfer olunur və yeni qarşıdurma xətləri formalaşır.
Bu xəttlərin toqquşması qaçılmazdır. Çünki ABŞ-la razılaşma artıq yalnız xarici siyasət addımı deyil, bu, İran elitasında qalib gəlməyin əsas şərtidir.
Əgər ABŞ ilə razılaşmaya meyilli praqmatik xətt güclənərsə, İranın siyasi sistemi xarici təsirlərlə yanaşı¸daxili maraqlar toqquşması nəticəsində də transformasiya mərhələsinə adlaya bilər.
Bütün hallarda, bu mərhələnin sonunda iki ssenaridən biri reallaşacaq:
- Ya sistem daxilində müvəqqəti yeni balans qurulacaq,
- Ya da mövcud balans pozularaq hərbi çevriliş baş verəcək.
Taleh ŞAHSUVARLI