"İslamabad görüşü regionun təhlükəsizlik balansına təsir edə bilər" – Aytən Qurbanova

"ABŞ ilə İran arasında mümkün yeni danışıqlar raundunun İslamabadda keçirilməsi yalnız iki ölkə arasındakı münasibətlər nöqteyi-nəzərindən deyil, bütövlükdə Orta Şərqdə qüvvələr balansı və təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə də, ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vensin rəhbərlik etməsi rəsmi Vaşinqtonun bu görüşlərə yüksək siyasi status verdiyini göstərən mühüm məqamdır. İran tərəfinin də yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı barədə məlumatlar danışıqların formal deyil, real nəticə əldə etmək niyyəti daşıdığını göstərir. Ümumiyyətlə, bu görüşlərdə ilk və əsas müzakirə mövzusunun İranın nüvə proqramı olacağı istisna edilmir. ABŞ uzun müddətdir ki, İrandan uranın zənginləşdirilməsi səviyyəsini azaltmağı, beynəlxalq monitorinq mexanizmlərinə tam çıxış verməyi və nüvə fəaliyyətlərini məhdudlaşdırmağı tələb edir. İran isə öz növbəsində nüvə proqramının dinc məqsədlər daşıdığını bildirir və sanksiyalar aradan qaldırılmadan hər hansı ciddi güzəştə getməyəcəyini vurğulayır. Bu səbəbdən tərəflər arasında “nüvə məhdudiyyətləri qarşılığında sanksiyaların mərhələli yumşaldılması” prinsipi əsas danışıqlar modelinə çevrilə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, ABŞ ilə İran arasında illərdir davam edən gərgin münasibətlər fonunda yeni danışıqlar raundunun keçirilməsi ehtimalı yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ nümayəndə heyətinin Cey Di Vensin rəhbərliyi ilə İslamabadda İran tərəfi ilə görüşə biləcəyi ehtimalı regionda siyasi və təhlükəsizlik balansına təsir göstərə biləcək ciddi proses kimi dəyərləndirilir. Nüvə proqramı, sanksiyalar və regional təsir uğrunda rəqabət kimi əsas məsələlər üzrə tərəflər arasında davam edən fikir ayrılıqları isə danışıqların gedişini daha da çətinləşdirən amillər kimi önə çıxır.

Siyasi şərhçi qeyd edib ki, danışıqların ikinci mühüm istiqaməti regional təhlükəsizlik məsələləri olacaq.

"ABŞ İranın regionda silahlı qruplara dəstəyini azaltmasını, xüsusilə İraq, Suriya, Livan və Yəməndəki təsir imkanlarını məhdudlaşdırmasını istəyir. İran isə bu strukturları öz milli təhlükəsizliyinin və strateji maraqlarının tərkib hissəsi hesab edir. Ona görə də rəsmi Tehran bu sahədə tam geri çəkilməyə getməyəcək, lakin müəyyən fəaliyyətlərin məhdudlaşdırılması və ya gərginliyin azaldılması ilə bağlı şərti razılaşmalar mümkün ola bilər. Digər mühüm məsələ isə enerji və dəniz marşrutlarının təhlükəsizliyidir. ABŞ və onun müttəfiqləri üçün Hörmüz boğazının açıq qalması mühüm əhəmiyyət kəsb edir. İran isə bu boğazı strateji təzyiq aləti kimi saxlayır. Nəticə etibarilə, hazırkı şəraitdə tərəflərin tammiqyaslı və yekun razılığa gəlməsi ehtimalı yüksək görünmür. Daha real ssenari məhdud və mərhələli anlaşmanın əldə olunmasıdır. Belə ki, İran müəyyən nüvə fəaliyyətlərini məhdudlaşdıra, ABŞ isə bəzi iqtisadi sanksiyaların yumşaldılması və maliyyə kanallarının açılması istiqamətində addımlar ata bilər. Bununla yanaşı, regional qarşıdurmaların səviyyəsinin aşağı salınması və enerji marşrutlarının təhlükəsizliyinə dair ortaq öhdəliklər də mümkün razılaşma paketinə daxil ola bilər. Lakin tərəflər arasında dərin strateji etimadsızlıq və fərqli geosiyasi məqsədlər nəzərə alınarsa, İslamabad görüşləri daha çox uzun və çətin diplomatik prosesin başlanğıcı kimi qiymətləndirilməlidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az