Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlib? – Siyasi şərhçi danışdı

"Paşinyanın hakimiyyətə gəlməsində başda ABŞ olmaqla Qərb koalisiyasının həm siyasi, həm də maliyyə dəstəyi mühüm rol oynayıb. Açıq şəkildə desək, Paşinyan Soros fondlarına yaxın çevrələrin dəstəyi ilə hakimiyyətə gəldi. O, əvvəllər jurnalist fəaliyyəti ilə məşğul olub və sonradan “demokratiya” şüarları altında Ermənistanda etiraz hərəkatının önünə çıxarılıb. Nəticədə hakimiyyətə gətirilən Paşinyanın əsas missiyalarından biri Rusiyanın Ermənistandakı təsir imkanlarını zəiflətmək, Qərbin isə siyasi nüfuzunu artırmaq olub. Paşinyan hakimiyyətdə olduğu illərdə bu istiqamətdə ardıcıl siyasət yürüdüb. Xüsusilə Rusiyanın təsir dairəsində olan platformalara qarşı məsafəli mövqe sərgiləyib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərini boykot etməsi, MDB toplantılarında ikinci dərəcəli şəxslərlə təmsil olunması və ümumilikdə Qərbə inteqrasiya xəttini açıq şəkildə dəstəkləməsi bunu göstərir. Ermənistanda Rusiyanın təsirini zəiflətmək üçün ciddi təbliğat aparılır və dövlət strukturlarında Qərbyönlü kadrların mövqeləri güclənir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Ermənistanın Avropa İttifaqına yönələn siyasəti Rusiya dairələrində narazılıq doğuraraq gərginliyi artırıb. Bir zamanlar Moskva ilə yaxın münasibətləri ilə tanınan Nikol Paşinyanın son dövrlərdə Rusiya ilə əməkdaşlıq edən dairələrə daha sərt yanaşdığı, onları “agent” və “satqın” kimi təqdim etdiyi bildirilir. Sabiq prezident Robert Koçaryanın Rusiya prezidentindən dəstək istəməsi ilə bağlı iddia olunan səsyazıların yayılması da Moskva–İrəvan münasibətlərini gərginləşdirib. Dmitri Medvedev Paşinyanın siyasətinin Rusiya ilə əlaqələri zəiflətdiyini, Ermənistanın isə Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında balans saxlamaqda çətinlik çəkə biləcəyini bildirib. Ermənistan XİN başçısı Ararat Mirzoyan isə ölkəsinin Rusiya ilə münasibətləri kəsmək niyyətində olmadığını vurğulayıb.

Siyasi şərhçinin fikrincə, Ermənistanda keçiriləcək seçkilərdə xalq iradəsinin tam həlledici rol oynayacağı inandırıcı görünmür.

"Hakimiyyətin formalaşması daha çox hansı geosiyasi mərkəzin – Moskvanın, Vaşinqtonun və ya Brüsselin üstün mövqedə olacağından asılıdır. Yəni proseslər daxili siyasi iradədən çox, xarici güclərin təsiri altında inkişaf edir. Unutmaq olmaz ki, Ermənistan dövlətinin formalaşmasında və illərlə ayaqda saxlanılmasında Rusiyanın mühüm rolu olub. Ermənistan uzun müddət iqtisadi və təhlükəsizlik baxımından Moskvanın dəstəyi ilə mövcudluğunu qoruyub. Bu baxımdan Paşinyanın Rusiyadan uzaqlaşaraq Avropaya inteqrasiya siyasəti aparması Kremlin ciddi narazılığına səbəb olur. Rusiya bunu açıq şəkildə xəyanət kimi qiymətləndirir. Rusiya Prezidenti Vladimir Putin də Paşinyanla görüşlərində açıq mesaj verib ki, “iki stulda oturmaq mümkün deyil”. Yəni Ermənistan ya Avropa istiqamətini seçməli, ya da Avrasiya İqtisadi İttifaqında qalmalıdır. Paşinyan isə Rusiyanın Ermənistana təsir imkanlarının hələ də güclü olduğunu anlayır və buna görə də balans siyasəti yürütməyə çalışır. Moskvanın Ermənistana təsir rıçaqları kifayət qədər genişdir. İlk növbədə iqtisadi asılılıq mövcuddur. Ermənistanın enerji sistemi böyük ölçüdə Rusiyadan asılıdır, ölkədə çoxsaylı Rusiya şirkətləri fəaliyyət göstərir və ixrac-idxal əməliyyatlarının mühüm hissəsi Rusiya bazarı ilə bağlıdır. Son illərdə iki ölkə arasındakı iqtisadi dövriyyənin azalması da Paşinyanın apardığı siyasətin nəticəsi kimi qiymətləndirilir. Siyasi təsir imkanları da az deyil. Rusiyada böyük erməni diasporu, iş adamları və ictimai-siyasi fiqurlar mövcuddur ki, onlar Ermənistandakı proseslərə təsir edə bilirlər. Seçki öncəsi aparılan təbliğatlar da bunu açıq şəkildə göstərir. Hərbi baxımdan isə Rusiyanın Ermənistanda hərbi bazası yerləşir. Ermənistan sərhədlərinin müəyyən hissəsi Rusiya sərhəd qoşunları tərəfindən qorunur. Bundan başqa, Ermənistan ordusunda Rusiyaya yaxın generallar və zabitlər kifayət qədərdir. Bu səbəbdən Moskvanın hərbi təsir imkanları da real olaraq qalır. Paşinyan bütün bunları nəzərə alaraq ikili siyasət yürütməyə çalışır. Bir tərəfdən Qərblə yaxınlaşır, digər tərəfdən isə Rusiyanın təzyiqlərindən tam çıxmamaq üçün manevrlər edir. Onun Qərbdən gələn siyasi təlimatlar əsasında hərəkət etdiyi, müşavirlərinin böyük hissəsinin Qərb dairələri ilə əlaqəli olduğu barədə iddialar da səsləndirilir. Son dövrlərdə Qərb nümayəndələrinin Ermənistana səfərlərinin artması, Paşinyana açıq siyasi və maliyyə dəstəyi verilməsi də diqqət çəkir. Bu dəstəyin əsas məqsədi Paşinyanın hakimiyyətdə qalmasını təmin etmək və Rusiyanın regiondakı nüfuzunu zəiflətməkdir. Qərb Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaq və bölgədə mövqelərini gücləndirmək istəyir. Bu siyasətin əsas hədəflərindən biri də Rusiyanın cənub cinahını zəiflətməkdir. Gürcüstan və Ermənistan vasitəsilə Cənubi Qafqazın Qərbin təsir dairəsinə salınması planı uzun müddətdir müzakirə olunur. Avropa ilə Rusiya arasında artan qarşıdurma da bunu daha aydın göstərir. Rusiya ekspertləri hesab edir ki, Paşinyanın hakimiyyətdə qalması Zəngəzur dəhlizi məsələsində də Moskvanın maraqlarına zidd nəticələr doğura bilər. Çünki Rusiya bu marşrut üzərində strateji nəzarəti saxlamaq istəyir. Eyni zamanda Ermənistandakı Rusiya hərbi bazasının gələcəyi və sərhəd qoşunlarının fəaliyyəti də sual altına düşə bilər. Bütün bunların fonunda Ermənistanda qarşıdakı seçki dövrünün kifayət qədər gərgin keçəcəyi gözlənilir. İstər Paşinyan hakimiyyətdə qalsın, istərsə də dəyişiklik baş versin, ölkədə daxili qarşıdurma ehtimalı yüksək qiymətləndirilir. Çünki Ermənistanda Qərbyönlü və Rusiyayönlü qüvvələr arasında ciddi siyasi savaş gedir. Hesab edirəm ki, qarşıdakı dövrdə Ermənistanda vəziyyət daha da gərginləşəcək və seçki ərəfəsində siyasi qarşıdurma pik həddə çata bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az