- Redaktor masası
- 15:30
- 1 077
QARAQOYUNLUNUN MƏNİ QARA SİYAHIYA SALMAQLIĞI
Dünən dostlardan biri Yasəmən Qaraqoyunlunun may ayının 18-də barəmdə yazdığı “esse”ni göndərdi. Doğrusu, əvvəlcə, cavab vermək istəmədim. Çünki içində elementar savad əlamətləri olmayan hansısa mövqeyə cavab vermək vaxt itkisidir. Ancaq Yasamən xanımın qəzəbini qazanmaqdan məmnun olduğumdan hörmətli oxuculara izahat verməməyim də doğru olmaz.
İşin qısa xülasəsi belədir ki, mənim İctimai teleradioya baş direktor olmaq ehtimalım Qaraqoyunlunun hiddətinə səbəb olub və o, yazıb: “Mən Taleh Şahsuvarlının İctimai Televiziyaya sədr gəlməsini dəstəkləmirəm, kəsinlikle əleyhinəyəm”.
Əvvəla, İctimai televiziyada sədr vəzifəsi yoxdur.
İkincisi, Azərbaycan dilində “kəsinlikle” kəliməsi yoxdur.
Üçüncüsü, belə bir kəlimə heç Türk dilində də yoxdur, Türkiyə Cümhuriyyətinin rəsmi əlifbasında “ə” səsi mövcud deyil.
Sən demə, Yasəmən xanımın mənim namizədliyimin “kəsinlikle” əleyhinə olmasının səbəbi rus, ingilis və türk dillərinin Azərbaycan dili üçün təhdid yaratdığını söyləməyim olub.
“Kəsinlikle” haqlıymışam!
“Kəsinlikle” əleyhimə çıxan xanım yazır:
“Göründüyü kimi O, Azərbaycan dilini Türk dilindən ayri dil hesab edir, onun təbirincə Türk dilindən Azərbaycan dilinə keçən sözlər Azərbaycan dilini çirkləndirir”.
Burada “çirkləndirmək” ittihamı “kəsinlikle” böhtandır. Çünki belə bir ifadə heç zaman işlətməmişəm.
Ancaq Azərbaycan və Türk dillərini iki unikal, iki müstəqil və iki standartlaşmış ədəbi dil hesab etdiyim “kəsinlikle” doğrudur. Ümumiyyətlə, qənaətimə görə, bu xanımın açıqlamaları onun nəinki Azərbaycan ədəbi dilinin tarixindən, elə Türk ədəbi dilinin də necə formalaşdığından, İstanbul ləhcəsi əsasında necə yeni dil standartları yaradıldığından xəbərdar olduğuna şübhə yaradır.
Daha sonra qəzəbini cilovlaya bilməyən Qaraqoyunlu yazır: “Mən bu vahid Oğuz türk millətindən iki fərqli millət, Vahid Türk dilindən iki fərqli dil yaradanlarin əleyhinəyəm”.
Bu bəyanat dilçilik sarıdan nə qədər “dərindir”sə, tarix baxımından da o qədər dərindir. Bu dünyada heç zaman, tarixin heç bir dövründə “vahid oğuz milləti” olmayıb. Ümumiyyətlə, millətləşmə Azərbaycan və Türkiyə coğrafiyasında 19-cu əsrdə başlayıb. Azərbaycanda, Anadoluda, Orta Asiyada və digər bölgələrdə fərqli şərtlərin tətiklədiyi millətləşmə prosesi türk dilləri ailəsinə daxil olan müstəqil milli dillər (türk, türkmən, Azərbaycan, qazax, özbək, tatar və s) ərsəyə gətirib. Dilçiliyin ən sadə qaydalarından biri də budur ki, ədəbi dil birdən çox ola bilməz.
Daha sonra Yasəmən xanım məni də tuş göstərməklə bir xeyli “türk düşməni” tapır və qarasına danışır:
“Azərbaycanda dövlətin içində Türkiyə və Azərbaycan türkcəsinin qaynaşmasini, vahid ortaq dilə çevrilməsini istəməyən, bunun qarşisini almağa çalişan, Azərbaycan Türkləri ilə Türkiyə türklərini ayrişdirib fərqliləşdirməyə çalişan kəsimlər çoxluq təşkil edir və hamsi yüksək vəzifələrdə təmsil olunur”.
Bilmirəm, diqqət edirsiniz, ya yox, müəllifin məntiqi bu cümlədə Aristotelin sümüklərinə məzarında lap od qoyur. Əgər Azərbaycan və Türkiyə türklərinin qaynaşmasına ehtiyac duyulursa, deməli, ayrışma var; yox, fərqliləşdirməyə çalışanlar varsa, deməli, qaynaşmaya ehtiyac olmamalı idi. Bu cür məntiqi kolliziyalar o uzunluqda “ittihamnamə”ni sadəcə olaraq söz yığınına çevirir.
Həmçinin qeyd olunur ki, guya mənim Azərbaycan dili ilə bağlı mövqeyim TDT vizyonuna (!) ziddir. Hörmətli xanım deyəsən ondan da agah deyil ki, Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələrin rəsmi dillərinə təhdid yaratmaq mexanizmi deyil.
Üstəlik, Yasəmən xanım onu da nəzərə almaq istəmir ki, baş direktor mənim, yaxud bir başqasının olub-olmasına baxmayaraq, Türkiyənin, Türkmənistanın, Qazaxıstanın, Özbəkistanın rəsmi dilində olan filmlər İctimai televiziyanın efirinə tərcümə ilə verilməlidir. Çünki bu “İctimai televiziya və radio haqqında” qanunun 12.2-ci bəndinin tələbidir. Proqramlarda dövlət dilindən istifadənin və dövlət dili normalarına riayət edilməsinin təmin olunması isə yenə baş direktorun kimliyindən asılı olmayaraq İctimai yayımçının həmin qanuna əsasən başlıca vəzifələrindən biridir. Eyni zamanda, İctimai yayımçı öz efirində Azərbaycanda istehsal olunan kino, tele, video və radio məhsullarının yayımlanmasına üstünlük verməlidir.
Nəhayət, Yasəmən xanım şüar qışqırır: “Azərbaycan dövlətini və mediasini antitürk kadrolar və zehniyyetlər yönətə bilməz”. Məgər bu cümləni “... kadrlar və zehniyyətlər yönəldə bilməz” şəklində ifadə edəndə adam “anti-türk”, “kadro”, “zehniyyetlər”, “yönətə” yazanda isə ultra türk olur?
Bu suala cavab verməyi oxucuların ixtiyarına buraxıram. Yasəmən Qaraqoyunluya isə tövsiyyə edirəm ki, əvvəlcə cinayət və inzibati xətalar məcəllələrinin fərqini öyrənsin, öyrənəndən sonra da İXM-nin 533-cü maddəsini yaxşı-yaxşı oxusun. Orada "Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılmasının, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsinin, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsinin” hansı inzibati məsuliyyət yaratdığı açıq yazılıb.
Yasəmən Qaraqoyunlu bircə onu düz deyir ki, bizim şəxsi problemimiz yoxdur, dünyagörüşlərimiz toqquşur. Niyə toqquşur? Buna da aydınlıq gətirim. Məsələn, 2022-ci ildə Qaraqoyunu yazıb:
“1918-ci ildə Qafqaz İslam Ordusunun siyasi müşaviri Əhməd Ağaoğlu Rəsulzadə ilə görüşündə Azərbaycanın Osmanlılarla birləşdirilməsini təklif etdi. Təəssüf ki, bu təklif o vaxt qəbul edilmədi. Əgər belə olsaydı, Rusiya Azərbaycanı yenidən işğal edə bilməzdi, Ermənistan yaranmazdı və Azərbaycan xalqı bu qədər itki verməzdi”.
Azərbaycanın Osmanlıya birləşdirilməsi 1918-ci ildə “ilhaqçıların” ideyası idi. Mən ilhaqçı deyil, istiqlalçıyam və bu, çox kəskin ziddiyyətdir. Əslində, Osmanlı hökuməti də ilhaqçıların ideyasına müsbət yanaşmamışdı. Azərbaycan hökuməti isə haqlı olaraq və birmənalı şəkildə lap əvvəldən Bakının İstanbuldan idarə oluna bilməyəcəyi- Nəsib bəy Yusifbəylinin dediyi kimi,- xəttini əsas götürürdü. İkincisi, Əhməd Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadə Gəncədə görüşəndə Osmanlı Sərdarabad döyüşündə artıq ermənilərə uduzmuş, bununla da Ermənistanın təşəkkülünə real zəmin yaratmışdı. İrəvanın ermənilərə verilməsindəki rolunu isə hələ qoyuram bir qırağa. Azərbaycanda olan Qafqaz İslam Ordusu da heyi kəsilmiş Osmanlının Mudros müqaviləsini imzalamasından sonra çəkilib getməyə məcbur oldu. Üçüncüsü, Osmanlının paytaxtı bir dəfə 13 noyabr 1918-ci ildə, daha bir səfər isə 16 mart 1920-ci ildə işğal edilmişdi. Yəni AXC işğala məruz qalmazdan öncə, Osmanlı heç özünü qoruya bilməmişdi.
Bu faktları ona görə təqdim edirəm ki, mənim dünyagörüşüm Yasəmən Qaraqoyunludan fərqli olaraq saxta tarixi faktlar və pafoslu narrativlər üzərində formalaşmayıb.
Mən Azərbaycançıyam!
Taleh ŞAHSUVARLI