"Xaç atası" filmini sevənlərə şad xəbər

"Paramount Pictures" kinostudiyası "Xaç atası" filminin dördüncü hissəsi üzərində işə başlayıb. Film 2027-ci ildə işıq üzü görəcək "Konni" romanı əsasında çəkiləcək.

AzNews.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi romanın hüquqlarını əldə edən "Random House" nəşriyyatına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Korleone cinayət klanının hekayəsi ilk dəfə qadın obrazının dilindən təqdim olunacaq. Romanın müəllifi amerikalı yazıçı Adriana Tricianidir. O, "Xaç atası" əsasında roman yazan ilk qadın müəllif olub.

"Konni" romanının 2027-ci ilin payızında nəşr olunması planlaşdırılır. Süjetin mərkəzində Konstansiya (Konni) Korleone dayanır. O, don Vito Korleone və Karmela Korleonenin ən kiçik övladı və yeganə qızıdır.

"Konni" qadının onun kim olduğu, nəyi təmsil etdiyi və ona necə yanaşılmalı olduğu barədə əvvəlcədən qərar verilmiş bir dünyada öz yolunu tapmağa çalışmasından bəhs edir", - deyə Triciani bildirib.

Qeyd edək ki, "Xaç atası" trilogiyasında bu obrazı rejissor Frensis Ford Koppolanın bacısı Taliya Şayr canlandırıb.