“Namizədlərə qarşı "ov": Fransa ədliyyəsi niyə iki keçmiş baş nazirə yönəlib?

Fransada keçmiş baş nazirlər – Havr şəhərinin meri Eduar Filipp və sabiq hökumət başçısı Dominik de Vilypen barəsində aparılan istintaqlar ölkədə siyasi müzakirələrə səbəb olub.

AzNews.az Crossmedia.az-a istinadən bildirir ki, Milli Maliyyə Prokurorluğu Eduar Filippi dövlət vəsaitlərinin mənimsənilməsi, favoritizm və qanunsuz üstünlük əldə etmə şübhələri ilə araşdırır.

İddialara görə, 2020-ci ildə Havrda “Rəqəmsal şəhər” layihəsi üzrə keçirilən tenderdə yalnız bir şirkət iştirak edib və 2,1 milyon avro dəyərində müqavilə həmin şirkətə verilib. Layihə 2023-cü ildə səmərəsiz olduğu üçün dayandırılıb.

Digər keçmiş baş nazir Dominik de Vilypen isə 2002-ci ildə aldığı bahalı hədiyyələrlə bağlı araşdırma ilə üzləşib. Ona Napoleon fiqurlarının hədiyyə edildiyi, bu əşyaların ümumi dəyərinin 100 min avrodan çox olduğu bildirilir. De Vilypen daha sonra həmin hədiyyələri Xarici İşlər Nazirliyinə təhvil verib və bunun səhv addım olduğunu etiraf edib.

Müşahidəçilərin fikrincə isə , hər iki siyasətçi 2027-ci ildə keçiriləcək prezident seçkilərində potensial rəqib ola bilər. Bu səbəbdən istintaqların yalnız hüquqi deyil, həm də siyasi motiv daşıdığı barədə iddialar səslənir. Seçkilər yaxınlaşdıqca Fransada siyasi mübarizənin daha da kəskinləşəcəyi və yeni qalmaqalların gündəmə gələcəyi istisna edilmir.