- Müşahidə məntəqəsi
- 20:48
- 1 192
“Aşağı neft qiymətləri manatın məzənnəsi üzərində təzyiqləri artıra bilər” – Akif Nəsirli
"Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün müəyyən risklər yarada bilər, çünki ölkənin ixrac gəlirlərinin və dövlət büdcəsinin mühüm hissəsi enerji sektorundan formalaşır. Dünya bazarında neft qiymətlərinin aşağı düşməsi valyuta daxilolmalarının azalmasına, büdcə gəlirlərinin zəifləməsinə və iqtisadi artım tempinin yavaşımasına səbəb ola bilər. Belə bir vəziyyətdə Dövlət Neft Fonduna daxil olan vəsaitlər azalır və bu da dövlət xərclərinin maliyyələşdirilməsinə təsir göstərə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Qeyd edək ki, İran ətrafında geosiyasi gərginliyin azalması və dünya bazarında neft qiymətlərinin mümkün enişi enerji ixracatçısı olan ölkələrin iqtisadi perspektivləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Azərbaycanda da bu prosesin enerji gəlirlərinə, valyuta ehtiyatlarına və manatın məzənnəsinə potensial təsirləri xüsusi maraq doğurur.
A. Nəsirli qeyd edib ki, eyni zamanda, ixracdan əldə olunan dollar gəlirlərinin azalması manatın məzənnəsi ilə bağlı gözləntilərə də təsir göstərir.
"Baxmayaraq ki, hazırda Azərbaycanın kifayət qədər valyuta ehtiyatları mövcuddur və bu ehtiyatlar qısamüddətli risklərin azaldılmasına imkan verir, uzun müddət aşağı neft qiymətləri davam edərsə, iqtisadi təzyiqlər arta bilər. Digər tərəfdən, neftin ucuzlaşması hökuməti qeyri-neft sektorunun inkişafını daha da sürətləndirməyə təşviq edə bilər. Kənd təsərrüfatı, sənaye, turizm, informasiya texnologiyaları və logistika kimi sahələrin gücləndirilməsi iqtisadiyyatın neftdən asılılığının azaldılması baxımından vacib hesab olunur. Bu səbəbdən, neft qiymətlərinin azalması Azərbaycan üçün həm risk, həm də iqtisadi islahatların sürətləndirilməsi üçün stimul kimi qiymətləndirilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az