- Siyasi müzakirə
- 22:06
- 2 164
"Ankara-İrəvan yaxınlaşması regionda sülhə töhfə verə bilər" - Əli Mustafayev
"Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və birbaşa ticarət əlaqələrinin başlanması əslində müsbət bir siqnaldır. Ümumiyyətlə, Türkiyə indiyə qədər Ermənistanla münasibətlərini Azərbaycanla əlaqəli şəkildə tənzimləyib. Hazırda Azərbaycan üzərindən Ermənistanla ticarət əlaqələri mövcuddur və eyni zamanda Azərbaycan vasitəsilə Ermənistanın yükləri daşınır. Bu baxımdan artıq ciddi bir maneənin qalmadığını demək olar. Yəni birbaşa ticarət əlaqələrinin qurulması ilə Türkiyənin də Ermənistanla iqtisadi münasibətlər qurması mümkün görünür. Məncə, bu addım bütövlükdə regionda sabitləşmə və sülh prosesinə müsbət təsir göstərən bir amildir. Son dövrlərdə, xüsusilə Ermənistanın Rusiya ilə münasibətlərində artan təzyiqlər və gərginlik fonunda Türkiyə ilə əlaqələrin normallaşması İrəvan üçün müəyyən risklərin azalmasına da xidmət edə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla birbaşa ticarət əlaqələrinin başlanacağını açıqlayıb. Bildirilib ki, bu istiqamətdə mövcud bütün məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda iki ölkə arasında quru sərhədlərin açılması ilə bağlı işlərin davam etdiyi qeyd olunub.
Siyasi şərhçi qeyd edib ki, Rusiyanın təzyiqləri nəticəsində yaranan çətinliklər qismən digər əməkdaşlıq istiqamətləri ilə kompensasiya oluna bilər.
"Türkiyə ilə əməkdaşlıq bu riskləri müəyyən dərəcədə əvəzləyə bilər. Bakı ilə İrəvan arasında münasibətlərə gəldikdə isə, artıq sülh sazişinin yalnız paraflanması qalıb; imzalanma və ilkin şərtlərin razılaşdırılması mərhələsi önə çıxır. Düşünürəm ki, Türkiyə–Ermənistan münasibətlərinin yaxşılaşması Azərbaycan–Ermənistan münasibətlərinin də dinamikasına müsbət təsir göstərir. Bu proseslər qarşılıqlı şəkildə bir-birini tənzimləyir. Digər tərəfdən, Azərbaycan və Türkiyə Ermənistanla münasibətləri normallaşdırdıqca, üçüncü dövlətlərin bu prosesə müdaxilə imkanları da azalır. Ermənistan isə yeni tərəfdaşlar qazanmaqla keçmişdəki çətinliklərdən və geosiyasi təzyiqlərdən tədricən uzaqlaşır. Bu da, ümumilikdə, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına və regionda daha dayanıqlı sülhün formalaşmasına töhfə verə bilər. Eyni zamanda, erməni cəmiyyətində də Türkiyə və ümumilikdə türk dünyasına dair münasibətlərin dəyişməsi müşahidə olunur. Bu proses qarşılıqlı anlaşma və uzlaşma mühitinin formalaşması kimi qiymətləndirilməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az