"Xəzərin geriçəkilməsi Bakıda ekoloji vəziyyəti ağırlaşdırır" - Sadiq Həsənov

"Xəzər dənizində ciddi səviyyədə geriçəkilmə prosesi müşahidə olunur. Son məlumatlara görə, Xəzər dənizində suyun səviyyəsi təxminən mənfi 29 metr həddinə enib. Bəzi rusiyalı alimlər geriçəkilmədə nisbi sabitləşmə müşahidə olunduğunu bildirsələr də, mövcud müşahidələr dənizdə su azalmasının hələ də davam etdiyini göstərir. Çünki dənizdə geriçəkilmə prosesi davam edir və orta hesabla hər il təxminən 15 santimetr azalma qeydə alınır. Bu proses nəticəsində sahilboyu yeni quru sahələri, adalar və əvvəllər su altında qalan müxtəlif ekosistemlər üzə çıxır. Bəzi mənbələr bunu torpaq sahələrinin genişlənməsi kimi təqdim etsə də, əslində bu ərazilər sabit və istifadəyə hazır torpaqlar hesab olunmur. Çünki həmin sahələr uzun illər su mühitində formalaşıb və burada ekosistem yalnız su şəraitində inkişaf edib. Həmin ərazilərdə tikinti və ya infrastruktur layihələrinin həyata keçirilməsi risklidir. Torpaq kifayət qədər stabil deyil və burada böyük həcmdə əlavə investisiya tələb olunur. Digər tərəfdən, Xəzər yenidən əvvəlki səviyyəsinə qayıdarsa, həmin ərazilər yenidən su altında qala bilər. Geriçəkilmə xüsusilə Bakı, Sumqayıt və Lənkəran kimi sahilyanı şəhərlərdə ekoloji problemləri daha da görünən edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Ekoloq qeyd edib ki, uzun illər ərzində dənizə axıdılmış tullantılar suyun geri çəkilməsi nəticəsində üzə çıxır.

"Bu tullantıların tərkibində ağır metallar və müxtəlif kimyəvi elementlər var ki, onların parçalanması ekosistemə mənfi təsir göstərir və ekoloji vəziyyəti ağırlaşdırır. Bununla yanaşı, dənizin geri çəkilməsi sahil infrastrukturlarında da dəyişiklikləri zəruri edir. Limanların daha dərin hissələrə daşınması, neft sənayesində əlavə investisiyaların qoyulması və platformaların yenidən uyğunlaşdırılması ehtiyacı yaranır. Xəzərin geriçəkilməsi təkcə ekoloji deyil, həm də hidroloji və meteoroloji baxımdan region ölkələrinə ciddi təsir göstərir. Çünki Xəzər dənizi sahilyanı ölkələrin iqlim və ekoloji balansında mühüm rol oynayır. Dəniz səviyyəsinin azalması isə bu balansın dəyişməsi və əlavə problemlərin yaranması ilə müşayiət olunur. Yaxın illərdə bu prosesin dayanacağı gözlənilmir. Buna görə də region ölkələri və cəmiyyət artıq dəyişən ekosistemə uyğunlaşmağa hazır olmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az