Blok imtahanlarında yumşalma var? – Təhsil eksperti danışdı

"Bu il keçirilən buraxılış imtahanlarından fərqli olaraq, ali təhsil müəssisələrinə qəbulun II və III ixtisas qrupları üzrə təşkil olunan blok imtahanları abituriyentlərin maraq dairəsində olub və onlar suallara nisbətən asan cavab verdiklərini bildirirlər. Bu, bir tərəfdən onu göstərir ki, Dövlət İmtahan Mərkəzi müəyyən ictimai narazılıqlardan nəticə çıxarıb. Artıq əvvəlki təcrübələr də göz önündədir və bu dəfə ciddi narazılıqlar müşahidə olunmur. Digər tərəfdən isə sosial şəbəkələrin Azərbaycan seqmentində ballarla bağlı müxtəlif proqnozlar verənlərin fikirləri özünü doğrultmadı. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin sistemi ilə bağlı əvvəlcədən dəqiq proqnoz vermək çətindir və bu cür proqnozlar çox vaxt yanılır. Tələsmək lazım deyil. Zaman keçdikcə sualların forması, çətinlik səviyyəsi əvvəlki illərlə müqayisədə dəyişə bilir. Məsələn, builki buraxılış imtahanları kifayət qədər ağır və çətin olmuşdu".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Xatırladaq ki, mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi keçirilib. İmtahandan sonra abituriyentlər arasında sualların çətinlik səviyyəsi ilə bağlı müxtəlif müzakirələr aparılıb. Bir sıra abituriyentlər qəbul imtahanının buraxılış imtahanı ilə müqayisədə daha asan və anlaşıqlı olduğunu bildiriblər. Onların sözlərinə görə, sualların böyük hissəsi proqram çərçivəsində olub və vaxt baxımından ciddi çətinlik yaratmayıb.

Ekspert qeyd edib ki, görünür, blok imtahanlarında müəyyən yumşalma abituriyentlərin bir qədər rahatlaşmasına səbəb olub.

"Amma bu, II və III ixtisas qruplarında rəqabətin ciddi şəkildə artacağı anlamına gəlmir. Düşünürəm ki, rəqabət səviyyəsi əsasən stabil qalacaq. Çünki Azərbaycan təhsil sistemində, xüsusilə qəbul sistemində plan yerlərinin sayı azalmadığı müddətdə abituriyentlər üçün ciddi təhlükə yaranmır. Sadəcə, ötən illərlə müqayisədə yüksək bal toplayanların sayında müəyyən azalma ola bilər. Mənim proqnozuma görə, bu il əvvəlki illərdə olduğu kimi çox sayda 700 bal toplayan görməyəcəyik. Böyük ehtimalla, onların sayı kifayət qədər az olacaq. Hətta 2-3 nəfərin 700 bal toplaması belə diqqətçəkən hadisə sayıla bilər. Əslində, 700 ballıq nəticələrin çoxluğu təhsil keyfiyyətinin əsas göstəricisi hesab edilməməlidir. Amma cəmiyyətdə hər zaman imtahan nəticələrindən sonra ən çox müzakirə olunan mövzulardan biri məhz 700 bal toplayanlar olur. Mənim ehtimalıma görə, bu il 700 bal toplayanların sayı 5 nəfəri keçməyəcək, hətta 3 nəfər olması daha real görünür".

Rəfiqə Namazəliyeva,

AzNews.az