“Tərəflər istəsə, ABŞ–İran arasında kompromis mümkündür” – Əli Mustafayev

"Əslində, həm İran, həm də ABŞ bu və digər məsələlərdə müəyyən güzəşt imkanlarına malikdirlər. Yəni tərəflər kompromis axtarsalar, onu tapmaq mümkündür. Üstəlik, Pakistanın vasitəçiliyi və himayəsi altında keçirilən bu görüşdə rəsmi İslamabad gərginliyin qarşısını almağa çalışır. Pakistan Ordusunun komandanı Hasim Münirin İrana səfəri də, böyük ehtimalla, təsadüfi deyil. Ehtimal olunur ki, o, ABŞ-nin müəyyən mesajlarını İran rəhbərliyinə çatdırmaq və mümkün razılaşma variantlarını müzakirə etmək məqsədi ilə bu səfəri həyata keçirib. Bundan başqa, mövcud məlumata görə, ABŞ və İran ekspertləri Pakistanda fəaliyyətlərini davam etdirirlər. ABŞ nümayəndə heyətinin bir hissəsi ölkəni tərk etsə də, hər iki tərəfdən olan ekspertlər danışıqları davam etdirir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, "Axios” nəşrinin ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, Vaşinqtonla Tehran arasında uzun müddətdir davam edən gərginliyin azaldılması istiqamətində ciddi irəliləyiş müşahidə olunur. Qeyd olunur ki, tərəflər münaqişənin həlli məsələsində əvvəlki mərhələlərlə müqayisədə daha yaxın mövqeyə gəlib və diplomatik kanallar üzərindən danışıqlar aktiv şəkildə davam edir.

Siyasi şərhçi qeyd edib ki, bu, müəyyən məsələlər üzrə tərəflər arasında yaxınlaşma və uzlaşma imkanlarının mövcudluğuna işarə edir.

"Ümumilikdə, belə bir perspektiv var. Lakin burada əsas məsələ siyasi iradənin mövcudluğudur. Yəni tərəflər istəsələr, ortaq məxrəcə gələ və razılaşa bilərlər. Əks halda isə qarşıdurma davam edəcək. Həm Hörmüz boğazı, həm nüvə proqramı, həm də digər məsələlər üzrə kompromis imkanları mövcuddur. Bununla belə, ən ciddi və həssas məqam İrandakı siyasi rejimin ABŞ-la əməkdaşlığa nə dərəcədə hazır olmasıdır. Əsas sual da məhz budur. Əgər bu istiqamətdə də uzlaşma əldə olunarsa – ki, bu, istisna deyil – o zaman barış üçün real imkanlar yaranacaq. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, hər iki tərəf paralel şəkildə hərbi hazırlıqlarını da davam etdirir. Başqa sözlə, tərəflər bir tərəfdən diplomatik danışıqlar aparır, digər tərəfdən isə mümkün müharibəyə hazırlaşırlar. Bu səbəbdən mövcud vəziyyətdə ehtimalları təxminən 50/50 kimi qiymətləndirmək olar. Yekunda isə belə nəticəyə gəlmək olar ki, proseslərin taleyi birbaşa siyasi qərarlardan asılıdır: tərəflər siyasi iradə göstərsələr, razılaşma əldə olunacaq, əks halda isə qarşıdurma davam edəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az