Paşinyanın gözünü nə açdı?

Dünən keçirdiyi seçki kampaniyası zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın səmimi etiraf təsiri bağışlayan bir çıxışı, parlamentin sədri Alen Simonyanın isə açıqlaması vardı. Bizim bəzi saytlarda yanlış şərh olunduğundan həmin çıxış və açıqlama haqda bir neçə kəlmə yazmaq qərarına gəldim. Çıxışında Paşinyan deyir ki, özləri üçün qurban, bizim üçünsə işğalçı sayılanların tökülən qanları onun gözünü açıb. Burada bir haşiyə çıxaraq deyim ki, bizdə bəzən hayların “nahatak”, yaxud da “martiros” sözü şəhid kimi tərcümə edilir, amma unudulur ki, şəhidlik islamla bağlı anlayışdır. Dəqiq ifadə etməsə də, məncə, həmin iki söz “qurban” kimi tərcümə olunsa, daha doğrudur. Nə isə, qurbanlarından danışan Paşinyana qayıdaq; o bildirir ki, gözləri açılıb. Mən isə bu fikirdəyəm ki, elə də açılana oxşamır. Əgər gözləri açılmış olsa idi, elə oradaca Ermənistandan deportasiya olunan azərbaycanlıların öz yurdlarına dönmələrinə qarşı çıxardımı? Belədə onunla 600 il azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmək arzusu ilə yaşadıqlarını bildirən keçmiş ustadı-nasist Levon Ter-Petrosyan arasında nə fərq var?
Ermənistan parlamentinin spikeri isə dünənki müsahibəsində onu qəzəbləndirən və ağrıdan ən böyük şeyin, ikinci Qarabağ savaşı günlərində öz sözləri ilə desək, gedib Moskvada yalvarmağının, oradakıların ayaqlarını öpməyinin nəticəsiz qalması və bunun nəticəsiz qalacağını öncədən bilməməsi olduğunu vurğulayır. O, bir zamanlar “Akna” adı qoyduqları Ağdamda əlində nar şəkil çəkdirib altından da “Serj Sərkisyana görə “Akna” bizim torpaq deyil, mən isə bildirirəm ki, bizimdir” yazmasından yox, Ağdamın əsl yiyələrinin geri dönmələrindən kədərləndiyini və bunun qarşısını almadıqlarına görə kimlərdənsə incidiyini gizlətmir.
Heç bir pisliyimizi görmədikləri halda bizə qarşı mərdiməzarlıq etmələri, torpağımızı ələ keçirib yüzlərlə şəhər və kəndlərimizin altını üstünə çevirmələri isə bunları zərrə qədər ağrıtmır. Özlərini elə aparırlar ki, sanki bu, belə də olmalıymış. Onları ağrıdan, ələ keçirdiklərinin geri qaytarılması, bunun bədəlini qismən də olsa ödəmələridir. İncidən isə hər şeyin necə var qalmasında umduqları dəstəyi almamalarıdır. Yəni Ermənistan rəhbərliyindəkilər gizlətmirlər ki, Rusiya onlar üçün daha çox məhz Azərbaycan torpaqlarının işğal altında saxlanmasında verdiyi dəstəyə görə dəyərli imiş; dəstək yoxdursa, dəyər də yoxdur.
Hayların nə kilsəsi, nə toplumun özü, nə də dövlət rəsmilərindən kimsə, o sıradan da Paşinyanla Simonyan hələ indiyədək çıxıb deməyib ki, ay azərbaycanlılar, sizə qarşı haqsızlığa yol vermişik, bizi bağışlayın. Ancaq ona ah-uf edirlər ki, haqsızlıqlarının nəticəsinin əbədiləşdirilməsində gözlədikləri dəstəyi ala bilməyiblər, havadar seçərkən yanılıblar, qurbanları olub və sair, və ilaxır.
Yəni zehniyyət yerindədir. Zehniyyət yerindədirsə, “Dəmir Yumruq” da yerində və həmişə gücləndirilmiş iş rejimində olmalıdır.

Sahib Alıyev