- Redaktor masası
- 21:24
- 1 399
Türkiyənin ÖZƏL ÖZGÜRlüyü!- Taleh Şahsuvarlı yazır
Çoxdanın söhbətidir.
Bakıda “Çanaqqala” restoranında oturmuşuq.
FETÖ şəbəkəsinin qılıncının dalı da, qabağı da kəsən vaxtlardır.
Lap dəqiqi 2015-ci ildir. Azərbaycanda parlament seçkiləri ilidir. 38 yaşım var. Bakıdakı 16 saylı Yasamal seçki dairəsindən deputatlığa bitərəf namizədəm.
Qardaş Türkiyədən CXP-yə yaxın, Azərbaycana turist kimi gəlmiş bir neçə siyasətçi, media nümayəndəsi, partiyanın gənclik qollarının Fətullah Gülən sisteminin təzyiqi ilə ciddi təhlükələrlə üzləşmiş liderlərindən biri, əslən Göyçədən olan və Avropa ölkələrinin birində önəmli tikinti işləri görən bir iş adamı, Bakıda fəaliyyət göstərən, adını açıqlamaq istəmədiyim başqa bir biznesmen dostumuzla bir aradayıq.
Türkiyədə də qarşıdan parlament seçkiləri gəlir.
CXP-nin başqanı Kamal Qılıncdaroğludur.
Səmimi bir süfrə arxasındakı söhbətdə hər kəs öz düşüncələrini söylədi. Nəzakətli bir üslubla “o maskalanmış adamdan uzaq durun” dedim.
Mən hər şəraitdə öz sözümün məsuliyyətini hiss edən bir insanam.
“CXP-də Özgür Özəl var”- dedim- “Manisa millət vəkilidir”, necə tanıyırsınız onu?
Allah xatirinə, müsbət rəylər bildirdilər.
“Sizə tövsiyyə vermək mənim həddim deyil, sayın paşalarım, dəyərli arxadaşlar, amma CXP-nin gələcək lideri odur” deyə proqnozumu açıqladım.
Kamal Qılıncdaroğlu seçki üstünə seçki uduzdu, hiyləgərlik dalınca hiyləgərlik etdi. Axırda Azərbaycana da, Türkiyəyə də nankorluq etdi. Qalmadı CXP-yə də xəyanət etdi. Ancaq mən illərlə Özgür Özəli izlməyə davam etdim. Bir gün onun CXP-nin başına keçəcəyinə hər zaman inandım. Ən müxtəlif vəziyyətlərdə bir Azərbaycan vətəndaşı olaraq Özgür Özələ simpatiyamı ifadə etdim, hətta Türkiyənin siyasi çevrələri, mediası onun CXP liderliyinə namizədliyindən danışmayanda, “adam gəlir” dedim. Hamısı internetin yaddaşında sağ-salamat durur.
Mənim oğlumun da adı Özgürdür. Azərbaycanda “Özgür” adı qoyulmuş ilk cocuqdur.
Bəzən yaxın çevrəmdəki insanlar “bu üzdən Ozgür Özələ tərəfdarlıq edirsən” dedilər. Bəlkə də haqlıydılar, amma əsl səbəb bu deyildi.
Dünya siyasət elmində liderliyin dəqiq bir tərifi yoxdur. Sadəcə, liderlər o adamlardırlar ki, onları görən kimi tanıyır insan.
Gerçək liderlər mükəmməl olmazlar, idealist olarlar.
Özgür Özəl çağdaş Türkiyə siyasətində ən idealist siyasi personadır.
Bunu fəlsəfə, tarix, hüquq üzrə üç ali təhsilə malik bir insan kimi deyirəm.
Eyni zamanda, realist, pragmatik, ən önəmlisi, çağdaş dünyanı doğru oxuyan bir isimdir.
Türkiyə siyasətini, CXP-ni və Özgür Özəli yaxından izlədiyimdən bu gün baş verənlər mənim üçün təəccüblü deyil.
Tam əksinə, olmamasına təəccüblənirdim.
Süleyman Dəmirəl siyasətdən getmək istəmədi. Bülent Ecevit xəstəxanadan dövlət idarə etmək istədi. Onların yanında Kamal Qılıncdaroğlu Türkiyə siyasəti üçün çox kiçik çapdadır, amma o belə zamanla barışmaq və getmək istəmədi...
“Mutlak butlan”ın gələcəyini mən Bakıdan duydum da, Özgür Özəl kimi iti zəkalı bir lider Ankaradamı duymadı?
“Mutlak butlan”ı çözüm kimi görənlər hər şeyi bəlkə də ən incə detallarına qədər hesablamışdılar.
Amma əmin olun, hava proqnozuna baxmaq ağıllarına gəlməmişdi.
Heç Özgür Özəl də CXP günəşli bir gündə, yoxsa yağmurlu havada “mutlak butlançıların əlinə keçəcək” hesabını aparmamışdı.
Amma o gün leysan yağdı...
Şıdırğı bir yağış altında Özgür Özəl corablarına qədər islanaraq CXP-nin polis tərəfindən zəbt olunmuş qərargahından TBMM-dəki odasına doğru yürüdü.
Liderlik məhz budur.
Liderlik heç kimin, hətta özünün də hesablamadağın bir anda içində gələni etməkdir.
Liderlik içindən gəldiyini edən adamların öz başına başqalarını toplaya bilmək nüfuzudur.
“Bərabər islandıq biz bu yollarda...”
Kimin şərqisidir bu?
Adnan Şensesin?
Müəzzəs Ərsoyun?
Ebru Gündəşin?
Yoxsa, Rəcəb Tayyib Ərdoğanın?
Məndən soruşsanız, heç birinin.
Özgür Özəlin havasıdır bu!
Yağışlu, yağmurlu, bir havası...
Türkiyədə hər kəsin əlindən aldı bu şərqini.
Hər kəsin xatırladığı bir yol oldu Özgür Özəl.
O yağmur altında, o TOMA üstündə Özgür Özəl- artıq bir yolun adı.
Bu gündən sonra 10 il evindən çıxmasa, bir gün hər kəsin arayacağı liderin adı...
Türkiyənin bərabərlik yolunun adı, demokratiya yolunun adı, ictimai vicdanının, tərəqqisinin adı...
O yolun adı ÖZGÜRLÜK!!!
Eşq olsun Türkiyə üçün ÖZƏL ÖZGÜRLÜYƏ!!!
Taleh Şahsuvarlı,
AzNews.az analitik-informasiya portalının baş redaktoru