- Müşahidə məntəqəsi
- 22:25
- 860
“Asan qazanc vədləri insanları riskli şəbəkələrə cəlb edir” - Naib Niftəliyev
"Əslində insanların belə tələlərə tez düşməsi və şirnikləndirici təkliflərə aldanması cəmiyyətdə məşğulluq probleminin kifayət qədər aktual olduğunu göstərir. Onlayn iş platformaları bir çox insan üçün rahat və cəlbedici görünür. Yeni texnologiyaların yaratdığı imkanlar da insanları bu istiqamətə yönəldən əsas faktorlardandır. Xüsusilə “model fəaliyyəti” kimi təqdim olunan işlər bəzi qruplar, xüsusilə də gənclər və qadınlar üçün daha asan, rahat və cəlbedici görünə bilər. Bu baxımdan insanların belə təsirə düşməsini anlamaq o qədər də çətin deyil. “Sugo”, “kontent yaradıcısı” və bu kimi müxtəlif adlarla təqdim olunan cəlbedici təkliflərin artması da müəyyən məqsədlərə xidmət edir. Amma bu sistemdə əsas qazananlar şəbəkənin önündə dayanan, prosesi idarə edən şəxslərdir. Belə fəaliyyətlər zahirən cəlbedici görünsə də, əslində məhdud bir qrupun gəlir əldə etməsinə xidmət edir. Bu da mahiyyət etibarilə şəbəkə marketinqinin və ya piramida tipli strukturun başqa bir formasıdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, son dövrlər sosial şəbəkələrdə “online iş”, “model fəaliyyəti”, “sugo”, “menecer vakansiyası” və ya yüksək gəlir vəd edən müxtəlif elanların sayı artıb. Xüsusilə gənc qızların hədəf alındığı bu elanların bəzilərinin arxasında isə tamamilə fərqli məqsədlərin dayandığı bildirilir. Ekspertlər deyirlər ki, sosial şəbəkələr vasitəsilə aparılan bu cür cəlbetmə üsulları artıq ciddi sosial problemə çevrilməkdədir.
Sosioloq qeyd edib ki, burada az sayda insan qazanc əldə edir, qalanlar isə itki ilə üzləşir.
"Yəni məqsədlər çox vaxt sağlam olmur və əsas hədəf başqalarını sistemə cəlb edərək gəlir əldə etməkdir. Bu isə nəticə etibarilə piramida modelinə bənzər bir struktur yaradır. Ekspertlərin yanaşmasına görə, bu məsələnin sosial problemə çevrilməsinin bir neçə səbəbi var. Birincisi, insanların sürətli qazanc arzusudur. İkincisi, manipulyativ təsirlərə açıq olmalarıdır. Üçüncüsü isə məşğulluq problemləri və maddi imkanların məhdudluğudur. İşsizlik və sabit gəlir əldə etməyin çətinliyi insanları eyni anda bir neçə işdə işləməyə, paralel məşğulluq axtarmağa məcbur edir. Bu vəziyyət isə onları “asan qazanc” vədlərinə daha həssas edir. Beləliklə, daimi stress və qeyri-sabit gəlir fonunda bu tip təkliflər daha cəlbedici görünür. Nəticədə bir növ zəncirvari proses yaranır: aldanan şəxs bəzən özü də bilmədən başqalarını cəlb etməyə başlayır. Bu isə aldatma və aldanmanın davamlı şəkildə yayıldığı bir şəbəkə formalaşdırır. İnsanlar bəzən bunu bilərəkdən, bəzən bilmədən, bəzən isə “bəlkə alınar” düşüncəsi ilə qəbul edirlər. Bu cür hallara qarşı immunitet yaratmaq üçün psixoloji yetkinlik və tənqidi düşüncə vacibdir. Əks halda insanlar asanlıqla manipulyasiyaya məruz qala bilirlər. Bu baxımdan əsas xəbərdarlıqlardan biri odur ki, hər təklifə dərhal “hə” demək düzgün deyil. Təkliflər ciddi şəkildə araşdırılmalı və tələsik qərar verilməməlidir. Şübhəli və həddindən artıq cəlbedici vədlər isə daha diqqətlə qiymətləndirilməlidir. İnsanlarda “yox” demək bacarığı və qərarvermə iradəsi olmalıdır. Manipulyativ hallara qarşı mütəxəssis, sosioloq və hüquqşünas dəstəyi də faydalı ola bilər. Peşəkar sosial dəstək bu cür risklərin azaldılmasında mühüm rol oynaya bilər. Ümumilikdə, bu cür xəbərdarlıqlara əməl edildiyi halda insanların qeyri-real vədlərə aldanma ehtimalı xeyli azalır və belə şəbəkələrin təsir dairəsi daha da məhdudlaşır".
Rəfiqə Namazəliyeva,
AzNews.az