- Redaktor masası
- 21:02
- 2 779
Qonşumuz İran olsun, yoxsa ABŞ? - VİDEO ŞƏRH
Bu gün müzakirə etdiyimiz mövzu əslində sadə görünür, amma mahiyyət etibarilə çox dərin sualdır: qonşumuz kim olmalıdır - İran, yoxsa ABŞ?
Məsələ ona görə sadə deyil ki: dövlətlər qonşu seçmir, dövlətlər strategiya seçir.
Bəs, biz hansı strategiya ilə hərəkət etməliyik?
Bilirsiniz ki, Azərbaycan müstəqilliyini Rusiya imperiyasından qazanıb.
Bu, bir tarixi fakt və geosiyasi reallıqdır. Bu reallıqda Kreml postsovet məkanını heç vaxt tam itirilmiş ərazi kimi qəbul etməyib və etməyəcək.
Ona görə də bizim Rusiya ilə münasibətlərimiz nə qədər normal olsa da, rəsmi Bakı Kremllə yaxşı münasibət qurmağa çalışsa da, Moskvanın bizə yanaşmasını imperiya refleksləri müəyyən edir.
Digər tərəfdə isə, İran faktoru var.
İran da tarix boyu Azərbaycanın müstəqilliyini qəbul etməyib. Bunun səbəbi çox sadədir- Azərbaycanın varlığı Güney Azərbaycanda milli şüurun formalaşması üçün bir stimuldur.
Yəni Azərbaycan təkcə dövlət deyil, həm də ideyadır- Azərbaycançılıq ideyası!
Qarabağ münaqişəsi dövründə biz bunu açıq şəkildə gördük. İran dini yaxınlığa baxmadı, geopolitik maraqlarını üstün tutdu və faktiki olaraq Ermənistana dəstək verdi. Bu gün başı qarışsa belə, Ermənistanda revanşizmə dəstək verən əsas ölkələrdən biridir.
Bu, bizim üçün ciddi dərsdir və biz məhz tarixdən aldığımız dərslərə nəzərən İrandakı prosesləri izləyirik.
İran zəifləyir, daha açıq desək, ABŞ-a məğlub olur. Daxildə legitimlik problemi yaşayır, xaricdə isə ciddi təzyiq altındadır.
Eyni zamanda Rusiya Ukraynada ilişib və əvvəlki gücünü itirir.
Bu, tarixdə nadir hallarda baş verən bir vəziyyətdir – Azərbaycana qarşı iki böyük təzyiq mərkəzi eyni anda zəifləyir.
Belə məqamlarda yaranan geopolitik şəraiti düzgün qiymətləndirməliyik.
Bu gün ABŞ faktorunun regionda rolu artır.
Burada söhbət ondan getmir ki, biz Rusiyanın və ya İranın orbitindən çıxıb ABŞ-nin orbitinə daxil oluruq.
Azərbaycanın yolu müstəqil siyasət yürütmək, milli maraqları əsas götürmək və bu dəyişən dünyada öz yerini gücləndirməkdir. Elə Azərbaycandan cənubdakı coğrafiyanın ABŞ-nin nüfuz dairəsinə keçməsi də məhz bu məsələdə bizə ciddi fürsətlər qazandırır.
Bu proseslər fonunda “Vahid Azərbaycan” ideyası da yeni məna qazanır.
Bu, regionda gedən böyük transformasiyanın mümkün nəticələrindən biridir.
Bu gün biz çox vacib bir tarixi mərhələdəyik.
Əgər bu fürsəti düzgün qiymətləndirsək, Azərbaycan təkcə Cənubi Qafqazın lider dövləti olmayacaq və Yaxın və Orta Şərqdə oyun quran gücə çevriləcək. Odur ki, gəlinən nöqtədə hasil edəcəyimiz əsas qənaət budur:
Azərbaycan artıq hədəf deyil, obyekt deyil, tam əksinə, öz hədəflərinə irəliləyən subyektdir.