“Vaşinqton İran üzərindən Çin və Rusiyaya təsir etməyə çalışır” – Azad Məsiyev

"Amerika Birləşmiş Ştatlarının İrana münasibətdə strateji xətti uzun illərdir ki, bu ölkədə hakimiyyətin dəyişdirilməsi və Vaşinqtonun maraqlarına uyğun siyasi sistemin formalaşdırılması məqsədi üzərində qurulub. Bu istiqamətdə müxtəlif dövrlərdə fərqli əsaslandırmalar irəli sürülüb. Bəzi hallarda İranın terrora dəstək verməsi, digər hallarda isə regionda proksi qüvvələri maliyyələşdirməsi iddiaları ön plana çıxarılıb. Hazırkı mərhələdə isə əsas təzyiq aləti kimi uranın zənginləşdirilməsi məsələsi təqdim olunur. Vaşinqtonun bu arqumenti hərbi ritorika ilə müşayiət etməsi, mümkün əməliyyatların qarşısının alınması deyil, əksinə, onların əsaslandırılması kimi də qiymətləndirilə bilər. İran tərəfi isə dəfələrlə bəyan edib ki, uranın zənginləşdirilməsi yalnız dinc məqsədlərə, xüsusilə enerji istehsalına xidmət edir. Hətta ölkənin ali dini rəhbərliyi tərəfindən kütləvi qırğın silahlarının qadağan olunmasına dair fətvanın verilməsi də bu mövqeni gücləndirən amil kimi təqdim olunur. Bu kontekstdə ortaya çıxan əsas sual ondan ibarətdir ki, əgər uranın zənginləşdirilməsi təhlükəli hesab olunursa, bu texnologiyaya malik digər dövlətlərə münasibətdə niyə eyni yanaşma tətbiq edilmir? Əksinə, əgər bu fəaliyyət legitimdirsə, o zaman İran üçün məhdudlaşdırılması hansı prinsiplərlə izah olunur? Bu suallar məsələnin sırf təhlükəsizlik deyil, daha geniş geosiyasi maraqlar çərçivəsində qiymətləndirildiyini göstərir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, son dövrlərdə İranın nüvə proqramı ilə bağlı mövqeyində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Əvvəllər müəyyən kompromislərə açıq olduğunu bildirən Tehran hazırda daha sərt və prinsipial mövqe nümayiş etdirir. Bu dönüş fonunda İranın Çinlə siyasi və iqtisadi əlaqələrinin genişlənməsi xüsusi diqqət çəkir və bir sıra ekspertlər bunu rəsmi Tehranın mövqeyinin sərtləşməsinə təsir edən əsas amillərdən biri kimi qiymətləndirirlər.

Siyasi şərhçi bildirib ki, ABŞ-nin İrana qarşı təzyiq siyasəti yalnız bu ölkə ilə məhdudlaşmır, daha geniş geosiyasi və strateji məqsədlərə xidmət edir.

"Bu çərçivədə Vaşinqton üçün əsas rəqiblər kimi Çin, Rusiya və qlobal maliyyə sistemində alternativ güc mərkəzi kimi çıxış edən Avropa qeyd olunur. Xüsusilə Çin iqtisadi gücünə görə ABŞ üçün ciddi çağırış hesab edilir və İranın enerji resurslarının əsas alıcılarından biri olması bu kontekstdə mühüm faktor kimi çıxış edir. İranın zəiflədilməsi və ya nəzarət altına alınması halında Pekinin enerji təminatına təsir göstərmək mümkün ola bilər. Eyni zamanda, İranın geostrateji mövqeyi Rusiyanın cənub istiqamətində çıxış imkanları baxımından da əhəmiyyətlidir. Bu baxımdan, regionda baş verən proseslər Moskvanın nəqliyyat və enerji layihələrinə, o cümlədən Şimal–Cənub nəqliyyat dəhlizinə birbaşa təsir potensialına malikdir. Digər mühüm amil isə Türkiyənin artan rolu ilə bağlıdır. Regional gücdən qlobal aktora çevrilməkdə olan Türkiyənin, həmçinin türk dövlətləri arasında inteqrasiya proseslərinin güclənməsi ehtimalı bəzi geosiyasi mərkəzlər tərəfindən diqqətlə izlənilir. İranın coğrafi mövqeyi nəzərə alındıqda, bu ölkənin regiondakı balanslaşdırıcı rolunun dəyişməsi türk dünyasının potensial inteqrasiyasına da təsir göstərə bilər. Bununla yanaşı, ABŞ və İsrailin hərbi üstünlüyünə baxmayaraq, İrana qarşı həyata keçirilən siyasətin arzu olunan siyasi nəticələri vermədiyi müşahidə olunur. Hərbi əməliyyatlar müəyyən taktiki üstünlüklər qazandırsa da, strateji səviyyədə istənilən nəticələrin əldə olunmaması diqqət çəkir. Bu, həm ABŞ daxilində, həm də beynəlxalq ictimaiyyətdə artan tənqidlər və siyasi təzyiqlərlə müşayiət olunur. ABŞ-də hakimiyyət dəyişikliklərindən asılı olmayaraq, qlobal rəqabət strategiyasının əsas istiqamətləri sabit qalır. Lakin bu strategiyanın həyata keçirilməsində istifadə olunan vasitələr və taktiki yanaşmalar fərqlənə bilər. Donald Tramp dövründə xüsusilə Çinlə ticarət müharibəsi, tarif siyasəti və digər təzyiq alətləri bu xəttin davamı kimi çıxış edib. Mövcud vəziyyətdə İran–ABŞ qarşıdurmasını “qalib–məğlub” çərçivəsində qiymətləndirmək çətindir. Daha çox müşahidə olunan hal strateji dalana dirənmiş, kompromis tapmaqda çətinlik çəkən bir qarşıdurmadır. ABŞ-nin uzunmüddətli hərbi əməliyyat imkanları daxili siyasi mexanizmlərlə məhdudlaşdığı halda, İran da Çin və Rusiya kimi aktorlarla əməkdaşlığı gücləndirməklə balans yaratmağa çalışır. Bu fonda Çin, Rusiya və İran arasında əməkdaşlığın dərinləşməsi ehtimalı artır. Bu əməkdaşlıq yalnız regional deyil, həm də qlobal güc balansına təsir göstərə biləcək faktor kimi çıxış edir. Nəticə etibarilə, ABŞ-nin İrana qarşı siyasətində qarşıya qoyulan məqsədlərin tam reallaşmaması, beynəlxalq sistemdə çoxqütblülüyün güclənməsi və yeni geosiyasi konfiqurasiyanın formalaşması prosesini sürətləndirir".

Rəfiqə Namazəliyeva,

AzNews.az